Xəbər lenti

Obamadan İran prezidentinə ÇAĞIRIŞ
Dünya10:39 01.10.2013

Obamadan İran prezidentinə ÇAĞIRIŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
Vaşinqtonda keçirilən görüşdə tərəflər İranın nüvə proqramı və Suriyada kimyəvi silahların məhvinə dair müzakirələr aparıblar. Barak Obama çıxışı zamanı İran prezidenti Həsən Ruhanini nüvə proqramına dair verdiyi vədlərə əməl etməyə çağırıb.

“İranın vədləri konkret addımlarla özünü doğrultmalı və bununla da beynəlxalq ictimaiyyət rəsmi Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığına inanmalıdır. Ona qarşı tətbiq olunan ağır sanksiyaların nəticəsi olaraq, nəhayət ki, danışıqlara getməyə hazır olduqlarını bildirdilər. Biz İranı diplomatik sınaqdan keçirməli və onların beynəlxalq hüquq və normalara riayət edib etməyəcəklərini müşahidə etməliyik”.

İsrailin baş naziri Benyamin Netanyahu isə, çıxışı zamanı Barak Obamanın sözlərinə dəstək olub və Amerikaya İranın nüvə proqramına mane olmaq məqsədilə gördüyü işlərə görə təşəkkür edib.

“İran hərbi məqsədli nüvə proqramını tamamilə tərk etməlidir. Bu, rəsmi Tehranın qarşısında qoyulan dəyişməz şərtdir. Hərbi müdaxilə hədələlərinin İranın danışıqlar masası arxasına gəlməsinə böyük təsiri olub. Əgər bu məsələdə diplomatiya faydalı olsa, onda bu təzyiqləri davam etdirmək lazımdır. Və əsaslı nailiyyət əldə olunmayanadək biz bu siyasəti dəyişməməliyik”.

Heç bir variantı gündəmdən çıxarmadığını deyən prezident Obama qeyd edib ki, Amerikayla İsrailin ümumi rəyi ondan ibarətdir ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır. ABŞ prezidenti eyni zamanda, Suriya məsələsinə toxunaraq rəsmi Dəməşqi tərksilah olmağa çağırıb.//Anspress