Bu gün Kostyanın doğum günüdür. Amma o, 22 yaşını qeyd edə bilmir. Çünki vətənində müharibə gedir və Kostya üçün prioritet vəzifə təmətraqlı doğum günü partisi keçirmək yox, təcavüzkarlara qarşı dirəniş göstərməkdir.
Kostya Odessada anadan olub. Onunla söhbət etmək üçün bir neçə dəfə cəhd etdik. Lakin hər dəfə Kostya "Həyəcan siqnalı verilib, hər an şəhər bombalana bilər. İndi mən insanlara kömək etməliyəm. Fürsət tapan kimi sizinlə əlaqə saxlayacam” deyə cavab verir və üzrxahlıq etməyi də unutmurdu.
Nəhayət, axşam saatlarında odessalı gənc Qaynarinfo-ya telefon açdı: "İndi nisbi sakitlikdir, danışa bilərik. Mən sığınacaqdan çıxmışam”.
Kostya müharibəyə qədər Kiyevdə yaşayıb. "Kiyevə oxumaq üçün gəlmişdim. Təhsilimi başa vurduqdan sonra burada qaldım, işləmək üçün. Amma müharibə başlayandan oranı tərk etmişəm. Ona görə yox ki, təcazvüzkarların tankından-topundan qorxmuşam. Ona görə ki, mənim valideynlərimin yaşadığı doğma şəhərim Odessa da bombardman edilir. Mən bu ağır günlərdə doğmalarımın, həmyerlilərimin yanında olmaq və Odessa üçün nəsə etmək məqsədilə bura gəldim”, ukraynalı gənc deyir.
Kostyanın sözlərinə görə, müharibə başlayandan bütün Ukrayna xalqı yumruq kimi birləşib: "Təsəvvür edin, əhali kütləvi surətdə könüllü batalyonlara yazılır. Mən də getdim. Dedilər artıq yer yoxdur və məni rezerv qüvvələrin siyahısına yazdılar. Bununla belə, mən və atam şəhərdə müəyyən işlər görürük. İnsanlara ərzaq dağıdırıq, həyəcan siqnalı verilərkən qadınların, uşaqların yaşlıların sığınacaqlara vaxtında yerləşdirilməsini təmin edirik. Əlimizdən nə gəlirsə, edirik”.
Rusiya artıq fevralın 24-də Ukraynaya təcavüz edib. Həmin gündən bu yana ölkənin Kiyev, Xarkov, Odessa və digər şəhərləri bombardman edilir. Amma Ukrayna xalqının müqavimətini hələ ki, qırmaq mümkün olmayıb.
Həmsöhbətimiz Kostya deyir ki, Rusiyanın cəhdlərinə baxmayaraq, Ukrayna xalqının müqavimətini qırmaq mümkün olmayacaq. Çünki bu gün onların Zelenski kimi qəhrəmanı var. "Prezidenti Zelenski bizim qəhrəmanızımdır. Zelenski prezident seçiləndə ona münasibət bu səviyyədə deyildi. Yəni, onu dəstəkləməyənlər, səs verməyənlər də var idi. Amma müharibə başlayandan demək olar ki, bütün Ukrayna Zelenskinin ətrafında birləşdi. Onun cəsarəti, xalqın yanında olması, bombardmana baxmayaraq Kiyevi, Ukraynanı tərk etməməsi xalqın ona rəğbətini birə-beş artırıb. Eyni zamanda xalqda qələbəyə mütləq inam yaranıb. Zelenski bu gün xalqla çiyin-çiyinə təcavüzkarlara qarşı döyüşür. Sözün əsl mənasında qəhrəmanlıq nümunəsi göstərir. Bir rəhbərin, prezidentin necə olması nümunəsini yaradır”, - odessalı gənc deyir.
Ukraynalılar rusların ölkədə nasist axtarışını bəhanə sayırlar: "Burda nasist yoxdur. Burda Ukraynanı müafiə edən, onun azadlığı uğrunda döyüşən ukraynalılar var. Rusiyanın nasist axtarışı bəhanədir. Təsəvvür edin, Putin hakimiyyəti Zelenskini faşist adlandırır. Amma o, yəhudi əsillidir. Təsəvvür edirsiniz, yəhudi və faşizm. Bu ki gülməlidir”.
Həmsöhbətimiz deyir ki, Ukrayna xalqı sona qədər mübarizə aparmaqda israrlıdır: "Rusiya Ukraynanı işğal etsə də, biz dayanmayacağıq. Putin elə bilirdi ki, Ukrayna xalqı rus hərbçilərini gül-çiçəklə qarşılayacaq. Amma bunun əksini gördü. Bundan sonra da belə olacaq. Biz heç vaxt Rusiyanın boyunduduruğu altında yaşamaqla barışmayacağıq. Son nəfərimizə qədər döyüşəcəyik!”.
Seyid