Artur C. Bruks The Atlantic-də töhfə verən yazıçı, Harvard Kennedi Məktəbində İctimai Liderlik Təcrübəsi üzrə William Henry Bloomberg professoru və Harvard Biznes Məktəbində idarəetmə təcrübəsi professorudur. O, "Xoşbəxt həyatı necə qurmalı” podkast seriyasının aparıcısıdır və "Gücdən-gücə: Həyatın ikinci yarısında uğur, xoşbəxtlik və dərin məqsəd tapmaq” kitabının müəllifidir.
Qaynarinfo The Atlantic saytında müəllif Artur C. Brooks-un Xoşbəxt olmaq haqqında yayımlanan yazısını təqdim edir.
Pop ulduzu və ya prezident olmağa marağınız olmasa belə, prestijin cazibədar çağışırlarından çəkinin.
İnsanların bizim üçün dəhşətli ziyanlı olan şeyləri istəmək kimi pis vərdişləri var. Bol miqdarda istehlak edilmiş şəkər dişlərimizi zədələyir və insulin sistemimizi məhv edir. İdman etməmək sümüklərimizi zəiflədə və bizi depressiyaya sala bilər.
Zərərverici şeylər arxasında düşmək təbii qanunların uğursuzluğu kimi görünə bilər; lakin təkamül bizim əks-məhsuldar davranışlarımızın çoxunu izah edə bilər. Ümumi bir arqument ondan ibarətdir ki, biz istirahət etmək və şirniyyat axtarmaq üçün proqramlaşdırılmışıq, çünki nisbətən yaxın vaxtlara qədər insanların sağ qalma və genlərini ötürmə ehtimalı daha çox kalori aldıqda və daha az fiziki gərginlik altında olanda daha yüksək idi. Bu gün dünyanın əksər ölkələrində bu, artıq belə deyil, ona görə də təbiətimiz müasir həyata uyğunlaşmayıb.
İstədiklərimizlə bizim üçün əslində faydalı olan şeylər arasındakı bu uyğunsuzluğun ən yaxşı nümunələrindən biri şöhrət istəyimizdir. Ən gənc yaşlardan insanlar buna can atırlar. 2012-ci ildəki bir araşdırmaya görə, ABŞ-da 10-12 yaş arası uşaqlar üçün həyatda ən böyük məqsəd şöhrət olub. 2017-ci ildə 1000 britaniyalı uşaq arasında aparılan sorğuda gələcək karyera üçün ən populyar seçim "YouTuber” olmaq olub. Böyüklər məşhur olmaq istədiklərini birbaşa etiraf etməyə daha az meyillidilər, lakin Gallup-a görə, amerikalı yetkinlərin 92 faizi o fikirdədir ki, insanlar "zəngin, yüksək profilli karyeraya sahib olan və ya məşhur insanın uğurlu" olduğunu düşünür.
Nə qədər arzulasaq da, şöhrət xoşbəxtlik üçün dəhşətlidir. 1637-ci ildə şair Con Milton yazırdı: "Şöhrət... nəcib ağlın son çatışmazlığıdır”. Həqiqətən, şöhrət rifahın tərkib hissələrinə qarşı mübarizə aparır. Bu dərsi nə qədər tez ürəkdən qəbul etsək və uşaqlarımıza öyrədə bilsək, hamımız üçün bir o qədər yaxşı olar.
Pop ulduzu və ya prezident olmadığınızı fərz etsək, şöhrət mücərrəd bir problem kimi görünə bilər. Məsələ burasındadır ki, şöhrət nisbidir və onun yaxın qohumu prestij (müəyyən bir qrup insanlar arasında şöhrət) kiçik icmalarda və təcrübə sahələrində eyni dərəcədə həvəslə arzulanır. Öz akademiya icmamda fəxri adlar və prestij çox ezoterik, lakin eyni zamanda çox arzulanan ola bilir. Bir dəfə, akademik karyeramın lap başlanğıcında, yerli vergi rejimlərini modelləşdirmək üçün genetik alqoritmlərdən istifadə edən ilk şəxs kimi otaq dolu həmkarlarıma təqdim edildim. Mən bu fərqliliyin parıltısına qərq olmuşdum.
Şirniyyata olan meylimiz və heç nə etmədən boş-boş oturmaq alüdəçiliyimiz kimi, şöhrət istəyimiz də yəqin ki, sadə bir təkamüllə izah oluna bilər: Başqaları tərəfindən tanınmaq və heyran olunmaq bizim həyat yoldaşı cəlb etmək və rəqabət mühitində genlərimizi ötürmək ehtimalımızı artırır. Bu cür motivi indi çox azımız qavrayarıq; "Mən istəyirəm ki, 1 milyon Twitter izləyicim olsun ki, çox insandan uşağım olsun” bir az… qəribə səslənir. Müasir dövrdə biz daha məqbul izahlar tapmışıq. 2012-ci ildə aparılan bir araşdırma şöhrət arzusu ilə sosial tanınma, maliyyə uğuru və gözəl görünüş, eləcə də realiti-şouda olmaq arzusu arasında yüksək korrelyasiya olduğunu aşkara çıxarıb. 2013-cü il sorğusuna görə, insanlar hətta yad insanlar tərəfindən də belə görünmək və dəyər verilmək, elit, yüksək statuslu həyat tərzinə malik olmaq; ya da başqaları üçün yaxşılıq edə bilmək, məsələn, örnək olmaq üçün məşhur olmaq istəyə bilər.
Bir insanın şöhrət motivi müsbət nümunə göstərmək olsa belə, o digər insanların fikirlərindən asılı olduğu üçün başqa, daha az qürur verici motivləri ortaya çıxarır. Və xoşbəxtlik problemi də buradadır. Akvinalı Foma 13-cü əsrdə yazırdı: "Xoşbəxtlik xoşbəxt olandadır. Amma şərəf şərəfləndirilmiş insanda deyil". Başqa sözlə, şöhrət özümüzdə deyil, alimlərin xarici mükafatlar adlandırdığı, tədqiqatların böyük əksəriyyətinin daxili mükafatlardan daha az xoşbəxtlik gətirdiyini göstərdiyi şeylərə əsaslanır.
Daha da pisi, alimlər deyir ki, şöhrət aludəçiliyin bir formasına çevrilib. Bu, xüsusilə də kifayət qədər motivasiyası olan, demək olar ki, hər kəsə müəyyən sayda yad insanlar tərəfindən tanınmağa imkan verən və dünyada hər kəsin bildiyi kimi, xüsusilə gənclər üçün yüksək dərəcədə asılılıq yarada bilən sosial media dövründə belədir. Ancaq bu yeni bir fenomen deyil. 19-cu əsrin filosofu Artur Şopenhauer deyirdi ki, şöhrət dəniz suyu kimidir: "Nə qədər çox içsək, bir o qədər susuz oluruq”.
Tanıdığım sosioloqların heç biri şöhrətin bədbəxtliyinin kəmiyyət göstəricisini yaratmayıb. Lakin yuxarıda verilmiş dolayı dəlillərin çəkisi, öz zamanında həqiqi məşhurluğu dadmışların şahidliyi ilə birgə onun zəhərli olduğunu göstərmək üçün kifayət etməlidir. "Bu, yüngül və qabaran şeyləri daşıyan, ağır və sərt şeyləri batıran çaya bənzəyir”, - Frensis Bekon deyirdi. Yaxud Ledi Qaqadan götürün: "Şöhrət həbsxanadır”,- o deyib.
Şöhrət axtarmaq xoşbəxtlik matriksində bir səhvdir: məmnunluq vəd edən, ancaq əksini gətirən bir istək. Onu məğlub etmək üçün biz impulslarımızdan xəbərdar olmalıyıq və onlara qarşı durmağa qərarlı olmalıyıq. Bir neçə təcrübə kömək edə bilər.
Motivasiyalarınızı sorğulamağa başlayın. Şöhrət, prestij, paxıllıq və ya heyranlıq axtardığınız zamanlara diqqət yetirin, xüsusən də yad insanlardan. Məsələn, sosial mediada paylaşım etməzdən əvvəl özünüzdən bununla nəyə nail olacağınızı soruşun. Həqiqətənmi başqalarını əyləndirmək və ya məlumatlandırmaq və ya ruhlandırıcı bir şey paylaşmaq üçün edirsiniz? Yoxsa bir az qısqandırıcı və ya qıcıq yaradan müqayisə yaratmağa ümid edirsiniz?
İkincisi, əgər motivləriniz etiraf etmək istədiyinizdən daha çox şöhrətə əsaslanırsa, bunun dəyərinə nisbətən gətirəcəyi bədəlini nəzərə alın. Deyək ki, bir az peşəkarlığınızı şişirtmək və ya əla çimərlik bədəninizin şəkillərini paylaşmaq istəyirsiniz. Alacağınız fayda, ehtimal ki, başqalarının gördükləri zaman keçirəcəkləri heyranlıq və ya paxıllıq hissini təsəvvür edərkən onu yandırdığınızdan əldə edəcəyiniz kiçik dopaminin təsiridir. Bunun maliyyəti insanların yazılarınızı (və sizi) necə görəcəyi ilə bağlıdır: Tədqiqatlar göstərir ki, hətta təvazökarlıqla maskalasanız belə, insanlar sizin öyünməyinizi zəhlətökən hesab edəcəklər və beləcə sizə daha çox deyil, daha az heyran olacaqlar. Şekspir yaxşı deyib: "Qoy qorxsunlar lovğa olanlar. Çünki hər lovğa bir gün Eşşək yerinə qoyulacaq”.
Üçüncüsü, özünüzdən soruşun ki, həqiqətən də xoşbəxtliyinizi hər hansı bir hissəni başqalarının, xüsusən də yad adamların mühakimələrinə əsaslandırmaq istəyirsinizmi? Təsəvvür edin ki, tanımadığınız biri sizin xarici görünüşünüz, şəxsiyyətiniz və ya işiniz haqqında fikir formalaşdırır. Ola bilsin ki, dolanışığınız sizə bu cür mühakimədən qaçmaq üçün heç bir yol qoymur. Ancaq şöhrət axtarmaq - işinizdən fərqli olaraq diqqəti özünüzə cəlb etmək - özünüzü emosional olaraq bu incələməyə tabe etməkdir və bu, istər-istəməz öz qiymətləndirməniz üçün fəlakətlə nəticələnəcək.
Əgər bu sualların cavabları sizi belə qənaətə gətirirsə ki, şöhrət və ya prestij axtarmaq sizin xeyrinizə deyil, onda indi mağara adamı impulslarınıza qarşı durmağın vaxtıdır. Öyünməyin və diqqət çəkməyin; postu silin və sosial mediada fasilə verin. Bunun əvəzinə, kiminsə sizə heyran olacağı və ya həsəd aparacağını ümid etdiyiniz şeylər üçün deyil, sizi siz olduğunuz üçün həqiqətən sevən biri ilə əlaqə saxlayın.
Şair Emili Dikinson şöhrəti "Dəyişən boşqabda, dəyişkən yemək" adlandırırdı. "İnsanlar zərərli yeməkdən yeyib ölürlər”. Bu, yaxşı bir metaforadır, çünki bizim bəzi anaxronistik neyrokimyəvi impulslara xitab edən, lakin buna baxmayaraq, bizə zərər verəcək hər cür şeyi istehlak etmək istəyimiz var. Bir çox hallarda - tütün, narkotiklər və müəyyən dərəcədə zərərli qidalar - biz cəmiyyət olaraq bu tendensiyaları tanıdıq və onların zərərli təsirləri barədə başqalarını öyrətməklə onlarla mübarizə aparmaq üçün addımlar atdıq.
Niyə bəs eynisini şöhrətlə edə bilmədik? Nə bizlər, nə də övladlarımız heç vaxt yadların mühakiməsi ilə məmnuniyyət tapmayacaq. Ən doğru qayda şöhrətə təhlükəli bir narkotik kimi yanaşmaqdır: heç vaxt onu öz xətrinizə axtarmayın, uşaqlarınıza ondan çəkinməyi öyrədin və onu təklif edənlərdən qaçın.
Nurlan Hüseynov