"Hesab edirəm ki, danışıqlar nəticə verməsə də, müharibədən daha yaxşıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Kremlin sərgilədiyi mövqe fonunda Ukrayna və Rusiya arasında aparılan danışıqların mənasının olub-olmadığına aydınlıq gətirərkən deyib.
Politoloq düşünür ki, danışıqlar hansısa məqamda mütləq nəticə verəcək:
"Rusiyanın sadəcə böyük itkilər verməsi üçün Ukraynaya dəstəyi artırmaq lazımdır. Rusiya-Ukrayna müharibəsi Moskvanın hücumlarını artırması səbəbindən daha qanlı xarakter alıb. Rusiya böyük itkilər hesabına da olsa, yeni ərazilər işğal etmək üzrədir. Hətta bu səbəbdən Zelenskinin danışıq təklif etdiyi deyilir. Rusiya üçün isə artıq itiriləcək heç nə yoxdur. Ölümlər, itkilər Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir".
Həmsöhbətimiz qeyd edir ki, danışıqlar da Rusiya üçün sadəcə görüntü yaratmaq, özünü konstruktiv göstərməyə çalışmaq üçündür:
"Eyni zamanda danışıqların imitasiya edilməsi Trampın başını qatmağa xidmət edir. Məsələ ondadır ki, danışıqsız da keçinmək olmur. Çünki danışıq pəncərəsinin açıq saxlanılması atəşkəsə hansısa ümidlər yaradır. Əsir və meyitlərin dəyişdirilməsinə şərait yaradır".
Qeyd edək ki, "Independent Türk"ün məlumatına görə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi iyulun 23-24-də İstanbulda keçirilə bilər.
Xatırladaq ki, bu il ərzində Moskva və Kiyev üç illik fasilədən sonra ilk dəfə İstanbulda birbaşa görüşlər. İlk görüş mayın 16-da, ikinci isə iyunun 2-də baş tutub. Həmin görüşlərin nəticəsi olaraq tərəflər ancaq humanitar məsələdə müəyyən razılığa gəliblər. Yəni tərəflər əsir və yaralıların mübadiləsi məsələsində razılığa gəliblər və həmin razılaşmalar icra olunmaqdadır. Digər məsələlərdə isə hər hansı bir irəliləyiş baş verməyib. Əksinə, Rusiya Ukraynaya qarşı təcavüzünü daha da şiddətləndirib.
Rüfət Sultan
Şərhlər