Moskva şəhər məhkəməsi "Donets xalq respublikasının keçmiş müdafiə naziri” İqor Qirkin (Strelkov) cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edib. O, internetdə ekstremizmə çağırışlar (RF Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) ittihamı ilə təqsirli bilinib.
Qaynarinfo xəbər verir ki bu barədə "Mediazona” məlumat
yayıb.
Bundan başqa, məhkəmənin hökmü ilə Qirkinə azadlığa çıxdıqdan sonra 3 il ərzində internetdə saytların idarə edilməsinə qadağa qoyulub.
Hakim hökmü başa düşüb-düşmədiyini soruşduqda, məhkum "Vətənə xidmət edirəm” deyə cavab verib. Prokuror Qirkinin 4 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Qirkin ötən ilin iyulunda həbs edilib. Onun barəsində olan cinayət işi məxfiləşdirilib. Qirkin özü Telegram kanalında "Krım məsələsi” ilə bağlı yazılarına görə təqib edildiyini və Rusiya hərbçilərinin lazımi ödənişlərini almadığını iddia edib. Bundan əlavə, Qirkin müntəzəm olaraq Ukraynadakı müharibənin gedişatını şərh edir, Rusiya hərbi rəhbərliyinin hərəkətlərini tənqid edir və hətta Vladimir Putini "xüsusi əməliyyatın” uğursuzluğunda ittiham edirdi. Artıq həbsdə olarkən Qirkin prezidentliyə namizəd olmaq niyyətini bildirib.
2022-ci ilin noyabrında Haaqa məhkəməsi Qirkini Donetsk vilayəti səmasında vurulan və göyərtəsində olan 298 nəfərin ölümünə səbəb olan Malayziya Boeing-in məhv edilməsində günahkarlardan biri kimi tanıyıb. Məhkəmə onu qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
Nizami Bağırov