Xəbər lenti

Öncə Putin məğlub edilməlidir: Qərblə Rusiya arasında nəyi dəyişmək lazımdır? - Kurt Uolkerin şərhi
Dünya13:24 05.11.2022

Öncə Putin məğlub edilməlidir: Qərblə Rusiya arasında nəyi dəyişmək lazımdır? - Kurt Uolkerin şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kurt Uolker
Amerikalı diplomat, ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi
Prezident Putin hakimiyyətdə qaldıqca, Rusiya məyus olmuş imperiya axtarışlarını davam etdirəcək. O, qonşularının kimliyini və qanuniliyini inkar edəcək və bununla da onların ərazilərinin "oğurlanmasına” və xalqlarının qətlinə haqq qazandıracaq.
Uzunmüddətli perspektivdə Qərbin Rusiya ilə konstruktiv münasibəti olmalıdır. Lakin bu gün Putin rejimi ilə dialoqun bərpasına üstünlük verənlərin çoxu mühüm bir addımı unudurlar: ilk olaraq, Rusiya ordusu məğlub edilməlidir. Yalnız bundan sonra ölkə rejimin hərəkətləri ilə barışmağa məcbur olacaq və yalnız bundan sonra biz onun sərhədləri daxilində yaşamağa razılaşan Rusiya ilə yeni münasibətlər qura biləcəyik.
Bu gün və ən azı son yarım əsrdə ABŞ-ın ən güclü və ən mühüm müttəfiqlərindən ikisi Almaniya və Yaponiyadır. 1941-ci il nöqteyi-nəzərindən bunu təsəvvür etmək çətin idi.
Hələ 1940-cı illərdə Amerika qlobal müharibəyə hazırlaşarkən Almaniya və Yaponiya olduqca irqçi və ksenofob nifrət nitqi ilə "qaralanmışdı”. Yapon əsilli amerikalılar konstitusion hüquqlarına baxmayaraq, onlar üçün yaradılmış düşərgələrə sürgün edilmişlər. Bununla belə, İkinci dünya müharibəsindəki məğlubiyyətdən 10 il sonra Almaniya NATO-ya üzv olmağa dəvət edildi və Yaponiya Şərqi Asiyada əsas müttəfiq kimi ABŞ-la xüsusi münasibətlər qurmağa doğru getdi.
Qərb təhlilçiləri bu gün iki kateqoriyaya bölünürlər: bəziləri 1940-cı illərin əvvəllərində Yaponiya və Almaniya haqqında danışdıqları kimi, eyni mənəvi qəzəb, intiqam və təcavüzkarın məğlub olduğunu görmək əzmi ilə danışırlar (əsasən ksenofob olmasa da). Digərləri isə sonradan Yaponiya və Almaniya ilə əldə etdiyimiz kimi Rusiya ilə də oxşar dialoqun və münasibətlərin normallaşmasının tərəfdarıdır.
Hər iki hiss başa düşüləndir. Ancaq onların arasında həlledici bir addım var: Yapon və alman qoşunları məğlub oldular və hər iki ölkə xalqlar birliyinə yenidən qəbul edilməzdən əvvəl hökumətlərinin hərəkətləri ilə barışmalı idilər. Biz həqiqətən də rus xalqı ilə əlaqə saxlamalı və gələcəkdə Rusiya hökuməti ilə münasibətləri normallaşdırmağa çalışmalıyıq. Amma buna nail olmaq üçün ilk növbədə Ukraynada Putin və onun faşist, imperialist ideologiyası məğlub edilməlidir. Rusiya beynəlxalq səviyyədə tanınmış sərhədləri qəbul etməlidir.
Nasist Almaniyasının və Yapon İmperatorluğunun məğlubiyyəti bu ölkələrin xalqlarına yeni bir başlanğıc verdi. Onlar yeni milli ruhun, yeni hökumətin və beynəlxalq aləmdə yeni rolun yaradılmasında iştirak edə bildilər. Onlar əvvəlki hökumətlərinin hərəkətlərinə görə məsuliyyət götürdülər, öz milli sərhədlərini qəbul etdilər və daha geniş beynəlxalq birlikdə ölkələri üçün konstruktiv rolun yaradılmasında iştirak etdilər.
Eyni şansı rus xalqına da vermək lazımdır. O, azad və ədalətli cəmiyyətdə yaşamağa layiqdir; onların hökumətini kimin idarə etməsində söz sahibi olmaq, açıq və firavan qlobal birliyin faydalarını paylaşmaq hüquqları var. Bilməlidirlər ki, dünya onlara qarşı deyil, həqiqətən də onların gələcəyinə böyük ümid bəsləyir. Qərb rus xalqı üçün bu ambisiyaları dəstəklədiyini bəyan etməlidir.
Artıq bir çox rusiyalılar öz ölkəsini tərk ediblər. Onlar həyatlarını, sərvətlərini, ailələrini və gələcək üçün imkanlarını qoruyub saxlamağa çalışırlar. Qərb Rusiya xalqı ilə münasibət qurmalı və göstərməlidir ki, bizim (onların hökumətindən fərqli olaraq) hakim elita ilə olmasa da, onlara qarşı dost niyyətimiz var. Misal üçün:
- Ruslara həqiqi xəbər məlumatları və Qərbə balanslaşdırılmış baxış təklif edən rusdilli yayıma (məsələn, "Dojd”, "”Nastoyaşeye vremya”) investisiyaları artırmalıyıq;
- Putinizmdən imtina edən rusiyalılar üçün tələbə və ziyarətçi mübadiləsi vizalarının dəstəkləməliyik;
- Mühacirətdə olan Rusiya siyasi müxalifətini dəstəklənməliyik;
- Zəngin ruslar bütün mal-dövlətlərini vicdanla bəyan etsələr və Putin rejiminin maliyyəsini izləmək və ələ keçirmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etsələr, onlara yaşayış icazəsi təklif edilməlidir;
- Açıq şəkildə prezidentin və ya dövlət katibinin çıxışı ilə Qərbin rus xalqına müsbət münasibəti ifadə edilməli, eyni zamanda Rusiya rejiminin cinayətkar davranışına etirazlarımızı açıq şəkildə bildirilməlidir.
Lakin Qərb də anlamalıdır ki, bu məqsədlərə çatmaq üçün Rusiya xalqı Vladimir Putinin onların adından törətdiyi cinayətlərlə üzləşməli və məsuliyyəti öz üzərinə götürməlidir. Həqiqətən də, konkret şəxsi məsuliyyətin müəyyən edilməsi üçün Ukrayna üzrə xüsusi hərbi cinayətlər tribunalına ehtiyac var. İkinci dünya müharibəsindən sonra alman və yapon xalqları kimi rus xalqı da tarixlə barışmalıdır. Bu addımı atmamaq və belə bir barışıq olmadan yenidən Putin Rusiyası ilə məşğul olmaq küskün və aqressiv Rusiya problemini yalnız davam etdirəcək.
Sovet İttifaqı dağılandan sonra belə barışıq olmadı. Putin Rusiyası Sovet İttifaqının cinayətlərini pisləmək əvəzinə Stalin mifini canlandırdı və Qolodomor, İkinci dünya müharibəsində SSRİ-nin birgə məsuliyyəti, QULAQ arxipelaqı, Macarıstan və Çexoslovakiyanın işğalı, Polşada hərbi vəziyyət və digər şeylər barədə susdu. Nəticədə biz qonşularına hücum etmək hüququ olduğunu hiss edən və fürsət yaranarsa, bunu yenidən edəcək avtoritar və revanşist Rusiyası əldə etdik. Bu, sülh şəraitində yaşamağa qadir olan, belə desək, qonşularına hörmət edən Rusiyadan çox uzaqdır.
Prezident Putin hakimiyyətdə qaldıqca, Rusiya məyus olmuş imperiya axtarışlarını davam etdirəcək. O, qonşularının kimliyini və qanuniliyini inkar edəcək və bununla da onların ərazilərinin "oğurlanmasına” və xalqlarının qətlinə haqq qazandıracaq. Avropada və ya ABŞ-da heç kim bu nəticədən razı qalmamalıdır.
Rusiyanın məğlubiyyəti, onun rəhbərliyinin dəyişməsi, hərbi cinayətlərə görə məsuliyyət daşıması və öz sərhədləri daxilində yaşamağa razılaşması Qərbdə çoxlarının arzuladığı normal münasibətlərin qurulması üçün zəruri ilkin şərtdir.
Mənbə: CEPA
Tərcümə: Nizami Bağırov
Qaynarinfo