"Məktəbin ərazisi təbliğat vasitəsi deyil, bu kimi emblemlərin təbliğatı qadağandır. Buna yol verdiyinə, məktəbdə düzgün təlim-tərbiyəni, və nəzarət mexanizmini düzgün qurmadığına görə derektor cəzalanmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov son zəngdə 17 yaşlı şagirdin geyindiyi paltarın üstündə kriminal aləmin atributlarının olmasının səbəblərini açıqlayarkən deyib. Ekspert bildirib ki, məktəbin ərazisində hər hansı təbliğat vasitəsi olaraq embelmdən, bu kimi reklam xarakterli məlumatlardan istifadə etmək yolverilməzdir:
"Onlar başa düşməlidir ki, biz şagirdləri milli-vətənpərvərlik ruhunda böyüdürük. Onlarda ilkin aşılanmalı olan bacarıqlar təbii ki, daha çox milli dəyərlərimizin atributlarından istifadə etməkdir. Məsələn, Xarı bulbul, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidərimizin fotoları olmalıdır. Bunlar yoxdur, amma əvəzində "oğru" aləminin atributlarından istifadə edirlər… Deməli, onlar təbliğatını daha yaxşı qurublar”.
Kamran Əsədov hesab edir ki, həmin məktəbdə tarix, ədəbiyyat dərsləri keyfiyyətli keçirilməyib:
"Biz həmin şagirdlərin şəxsiyyət kimi formalaşmasını öyrədə bilməmişik. Onlara qəhrəman kimi heç nə verə bilməmişik. Yekun nəticədə onlar bu kimi informasiyadan istifadə edirlər. Çox təəsüflər olsun ki, bu gün "oğru" aləminin resurslarından, emblemlərindən istifadə edən gənclərin sayı sürətlə çoxlamaqdadır və nəticədə son dövrlərdə yetkinlik yaşına çatmayan uşaqların iştirakı ilə törədilən cinayətlərin sayında artım müşahidə edilir”.
Ekspert məktəbdəki təbliğatın düzgün qurulmadığını deyib:
"Hansısa "oğru", "vor" aləmi uşaqlarla daha yaxşı təbliğatla məşğuldur. Baxmayaraq ki, bunlar qadağandır, məktəblərdə nəzarət mexanizmi itib. Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi o qədər nəzarətsiz qoyublar ki, uşaqlar geyimlərində belə bu işarələrdən istifadə edirlər”.
Qeyd edək ki, Bakıda son zəngdə məktəblərin birində şagirdin köynəyində kriminal aləmin atributlarından olan "Avara" sözü yazılıb. Bu isə cəmiyyətdə böyük narazılığa səbəb olub.
Bahar Rüstəmli