XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Öküz gəlir": Ucuz animasiya filmi necə milyon dollar qazanc gətirdi?
Dünya18:42 20.08.2026

"Öküz gəlir": Ucuz animasiya filmi necə milyon dollar qazanc gətirdi?

Körpə öküz balası haqqında kobud animasiya üslubunda çəkilmiş, ev şəraitində hazırlanan film Çində gözlənilməz kassa uğurlarından birinə çevrilib. Film kommersiya məhsullarına və süni intellektə əsaslanan parlaq marketinq strategiyalarını rədd edən gənc nəslin münasibəti ətrafında geniş ictimai müzakirəyə səbəb olmaqla yanaşı, müxtəlif məhsulların və internet memlərinin yaranmasına gətirib çıxarıb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, cəmi bir neçə min dollarlıq büdcə ilə çəkildiyi və əl ilə hazırlanmış afişalardan istifadə edildiyi bildirilən “Niu Lai” (“Öküz gəlir”) filmi cümə axşamına olan məlumata görə 4 milyon dollardan çox gəlir əldə edib.

Çinin gündəlik kassa reytinqində film istehsalına təxminən 225 milyon dollar xərcləndiyi bildirilən “Marvel Studios”un “Spider-Man: Brand New Day” filmindən dərhal sonra qərarlaşıb.

Yeni doğulmuş buzov, onun anası və bəbir balasının hekayəsindən bəhs edən “Niu Lai” ilk həftəsində uğursuzluğa düçar olmuş, yerli medianın məlumatına görə cəmi 1 000 dollardan bir qədər çox gəlir toplamışdı.

Daha sonra sosial və yerli medianın dəstəyi ilə filmin qəribə animasiyası, yöndəmsiz süjet xətti və onun qeyri-adi yaradıcıları – həvəskar animator və ona dəstək verən anası barədə müzakirələr filmi viral fenomenə çevirib.

Bu yaxınlarda Pekində keçirilən dolu nümayişlərdən birində film başlamamışdan əvvəl belə zalda gülüş səsləri eşidilib.

“Kinoteatrın dolu olduğuna inana bilmirəm!”, deyə tamaşaçılardan biri qışqırıb. Bu sözlər zalda alqış və gülüşlə qarşılanıb.

“Bu zibil parçasının nə qədər pul qazandığına həsəd aparmaqdan başqa, mənim heç bir iradım yoxdur”, deyə “Weibo” sosial şəbəkəsində məşhur kino bloqçularından biri yazıb.

Bloqçunun sözlərinə görə, filmin belə qəbul edilməsi gənclər arasında bir növ daxili zarafata çevrilib: “Mən deyirəm ki, qoy gülsünlər. Onsuz da zarafat edə biləcəyimiz o qədər də çox şey qalmayıb".

Çinli rejissor Remo Çjunun sözlərinə görə, öz əlləri ilə hazırlanmış bu layihə cəmiyyətdəki üsyankar əhval-ruhiyyəni tutub. “Bu, bir növ "mənə nə edəcəyimi, nəyə baxacağımı və nə yeyəcəyimi deməyin – buna özüm qərar verəcəyəm" əhval-ruhiyyəsidir. Tanımadığınız insanlarla dolu kinoteatrda bu, həqiqətən interaktiv, immersiv və kollektiv təcrübəyə çevrilir”, deyə o qeyd edib.

Film zəif və taqətsiz yeni doğulmuş buzovun ayağa qalxmaq üçün mübarizəsindən bəhs edir. Sürünün daha yaşıl otlaqlar axtarışında təhlükələrlə üzləşməsi fonunda dostluq, cəsarət və itki mövzuları işlənir. Spoiler: hadisələrin yuxu olub-olmadığı isə dəqiq deyil.

Dialoqlar ləngdir. Döyüş və hərəkət səhnələri yöndəmsiz görünür. Animasiya isə yüksək dərəcədə pikselləşdirilib.

“Bu, heç film də deyil.Onu pis adlandırmaq belə pis filmlərə təhqirdir”, deyə “Weibo” istifadəçilərindən biri yazıb.

Film olub-olmamasından asılı olmayaraq, “Niu Lai” artıq Çində mədəni fenomenə çevrilib və onun gözlənilməz populyarlığından qazanc əldə etməyə çalışanların yaratdığı böyük bir dalğa formalaşıb. “Niu Lai” oyuncaqları, filmdəki obrazların maskalarını taxmış robotlar, sosial media memləri və kospleylər ortaya çıxıb.

Adında “öküz” sözü olan şirkətlərin səhmlərinin qiyməti də bazar ertəsi yüksəlib. Bu isə Çinin mərkəzi bankının mem əsaslı səhmlərə investisiya yatırmaqla bağlı qeyri-adi xəbərdarlıq etməsinə səbəb olub.

Çin Xalq Bankının nəşr etdiyi jurnal çərşənbə axşamı yazıb: “Kinoya bir qədər əylənmək üçün getmək zərərsizdir. Lakin... ümidləri ‘öküz’ sözünə bağlamaq rasional davranış deyil, arzuolunanı həqiqət kimi qəbul etməkdir”.

Az büdcəli filmin uğurunu təkrarlamaq istəyən gənc animatorların isə bəxti gətirməyə bilər.

Şanxayda fəaliyyət göstərən animasiya prodüseri Lyan Sya bildirib ki, belə hadisələr adətən aşağı ehtimallı olur: onları əvvəlcədən proqnozlaşdırmaq çətindir və məqsədli şəkildə təkrarlamaq mümkün deyil.

“Daha çox belə uğurlar məzmunun özündən çox, cəmiyyətdə yaranan emosional dalğa ilə formalaşır. Məzmun sadəcə həmin dalğanı alovlandıran qığılcım rolunu oynaya bilər”, deyə o qeyd edib.

Aydın