Almaniya və Ukrayna yaxın vaxtlarda təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş məsələsində razılığa gələ bilərlər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şols Slovakiyanın baş naziri Robert Fiko ilə birgə mətbuat konfransında
deyib.
Almaniya hökumətinin saytı qeyd edir ki, yanvarın 24-də Şols Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıb. Bu danışıqda "təhlükəsizlik tərəfdaşlığı” məsələsi mühüm rol oynayıb.
"Təxmin edirəm ki, biz bunu tezliklə yekunlaşdıracağıq... Məsələnin mahiyyəti tələb edir ki, biz bu barədə sənədi birlikdə tamamlayandan sonra danışaq, tamamlanmamışdan əvvəl deyil. Amma məndə elə bir hiss var ki, biz danışıqların başa çatdırılmasının bir addımlığındayıq”, - Şols vurğulayıb.
O, həmçinin əmin edib ki, Berlin nə qədər lazımdırsa, Kiyevi dəstəkləyəcək.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayının birinci yarısında Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya rəsmi səfərə gəlib. Sonra London və Kiyev arasında uzunmüddətli perspektivdə hərbi və qeyri-hərbi əməkdaşlığı rəsmiləşdirən tarixi "Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Daha sonra ABŞ-ın Ukraynadakı səfiri Bricet Brink ABŞ-ın Ukrayna ilə də oxşar saziş imzalamağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Amerika prezidenti Co Bayden şəxsən diplomatların qarşısında Ukrayna ilə belə bir razılaşma əldə etmək vəzifəsini qoyub.
Yanvarın 15-də Kanadanın Ukrayna ilə təhlükəsizlik sazişi hazırladığı məlum olub. Kanadanın Ukraynadakı səfiri Natalya Tsmots bildirib ki, saziş layihəsi artıq Kiyevə ötürülüb.
Alpər