Dünya 16:55 09.06.2023

Şolts, Makron və Duda Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcək - "Politico"

Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda iyunun 12-də Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparmaq üçün Parisə gedəcək. Nahar görüşündə Ukraynanın NATO-ya üzvlük istəkləri və iyulda keçiriləcək NATO sammiti ərəfəsində müttəfiqlərin təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr aparılacağı gözlənilir.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Qəzetin qeyd etdiyi kimi, keçən həftə Makron Ukraynaya "etibarlı, konkret və nəzərəçarpacaq” təhlükəsizlik zəmanətləri verməyə çağırıb və Ukraynaya "NATO üzvlüyünə gedən yol” təklif edilməli olduğunu bildirib.

Bununla belə, Şolts daha ehtiyatlı bəyanatla çıxış edərək bildirib ki, əsas diqqət üzvlük məsələsinə deyil, ayrı-ayrı ölkələrin Ukraynaya necə dəstək verə biləcəyinə yönəlməlidir.

Polşa dəfələrlə Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları tələb edib. Çərşənbə axşamı Duda Şərqi Avropada NATO üzvlərinin bir neçə lideri ilə görüşüb, müharibə və Ukraynanın Alyansa qoşulmaq istəyini müzakirə edib.

"Politico” iddia edir ki, bu gün Ukraynanın Rusiya ilə müharibədə olduğu müddətdə Alyansa qoşula bilməyəcəyinə dair geniş anlayış var. Eyni zamanda, NATO üzvləri Ukraynanın üzvlüklə bağlı hazırkı istəklərinə necə cavab verməli olduqları barədə fikir ayrılığına düşüblər.

Anonim fransalı diplomatın sözlərinə görə, NATO üzvləri Ukraynanın əks-hücuma keçdiyi bir vaxtda Rusiyaya güclü siqnal göndərməlidir.

"Hər kəsi qane edən bir həll tapmasaq, vahid bəyanata gələ bilməyəcəyimiz riski var və bu, açıq-aydın bizim Rusiyaya verə biləcəyimiz ən böyük hədiyyə olacaq”, - deyə anonim diplomat bildirib.

Nizami Bağırov