Azərbaycanda
həyata keçirilən kadr islahatları nəticəsində bir neçə yüksək vəzifəli qocaman
məmurun təqaüdə göndərilməsindən sonra diqqətlər Səhiyyə naziri Oqtay Şirəliyevə
çevrilmişdi. Belə ki, onun da istefa ərizəsi yazacağı və təqaüdə çıxacağı
deyilirdi. Lakin bu, baş tutmadı.
Qaynarinfo O.Şirəliyevin istefa ərizəsi
yazmamasının səbəbini araşdırıb.
Məlumatlı
mənbədən saytımıza məlum olub ki, Səhiyyə nazirinin təqaüdə göndərilməməsi onun
rəhbərlik etdiyi qurumun taleyi ilə bağlıdır. Hazırda Səhiyyə Nazirliyinin Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdirilməsi gündəmdədir.
"Hələ
bu ilin mayında hakim partiyadan millət vəkili olan Məlahət İbrahimqızı demişdi
ki, 2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin
tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə
qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar,
instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər
funksiyaları həyata keçirəcək. Bundan əvvəl isə o vaxtkı Baş nazir Novruz Məmmədov
səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in
tabeliyinə keçirilməsi haqqında qərar imzalamışdı. Hökumətdə hesab edirlər ki,
artıq Səhiyyə Nazirliyinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsinə ümumiyyətlə
ehtiyac yoxdur, idarəetmənin təmərküzləşməsi baxımından bu qurumun Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi daha məntiqəuyğundur”, -
deyən mənbəmiz əlavə edib ki, səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları,
beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında
münasibətlər və bu kimi digər funksiyalarla eləƏƏSMN-in tabeliyində hansısa xidmət, agentlik və ya bu tipli qurum kimi
fəaliyyət göstərərək məşğul olmaq da mümkündür.
"Səhiyyə
Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi
yönündə hökumət daxilində müzakirələr davam etdiyindən və bu birləşmənin tərəfdarları
artdığından Oqtay Şirəliyevin hələlik vəzifəsində qalması, onun yerinə təyinatın
olmaması məqsədəmüvafiq sayılıb. Bir sözlə, Şirəliyev böyük ehtimalla Azərbaycan
tarixinə sonuncu Səhiyyə naziri kimi düşəcək”, - deyə mənbəmiz vurğulayıb.
O,
hesab edir ki, sözügedən istiqamətdə qərar ən geci bu ilin sonunadək veriləcək.
Xatırladaq
ki, O.Şirəliyev 2005-ci ildən hazırkı postu tutur. Onun gələn il 70 yaşı tamam
olacaq.
Şərhlər