Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərinə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər Rusiyaya qarşı sanksiyaların uzadılmasına razı olmayacağını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələr "Bloomberg”ə
bildiriblər.
Hazırda Aİ Rusiyaya qarşı 15 məhdudlaşdırıcı tədbirlər paketi tətbiq edib. Onlar ittifaqa üzv olan 27 ölkənin yekdil qərarı ilə hər altı aydan bir yenilənməlidir.
Növbəti uzadılma 31 yanvar 2025-ci ilə qədər təsdiqlənməlidir. Trampın yanvarın 20-də vəzifəsinin icrasına başlaması planlaşdırılır. Bu, Aİ-yə sanksiyaları uzatmaq üçün cəmi 11 gün vaxt verir.
"Bloomberg” mənbələri bildiriblər ki, Orban uzatmadan imtina edərək həmkarlarını "təəccübləndirib". Aİ Trampın ABŞ-ın Ukraynaya dəstəyini kəsə biləcəyindən və Rusiya prezidenti Vladimir Putinlə tez bir zamanda razılığa gələ biləcəyindən narahatdır. İndi Aİ Macarıstanın baş nazirinin Trampla birləşərək sanksiyalar, eləcə də Ukraynaya maliyyə və hərbi dəstək məsələsində İttifaqın birliyini pozacağı təhlükəsi görür.
Orban əvvəllər dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırıb və Aİ-nin Ukraynaya yardım təşəbbüslərinə mane olub. Xüsusilə, mayda Budapeşt Kiyev üçün 6,5 milyard avro (7,1 milyard dollar) ayrılmasına mane olub, iyulda Avropa Sülh Fondu vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün maliyyələşdirilməsinə veto qoyub, oktyabrda isə Rusiyanın aktivlərinin dondurulmasının qarşısını alıb. 3 il müddətində Ukraynaya 35 milyard avro məbləğində kredit verilməsi təhlükəsi altındadır.
Orban Trampı dəstəkləyərək Rusiya və Ukrayna arasında müharibənin tez bir zamanda dayandırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşdüyünü bildirib. Orban həmçinin xəbərdarlıq edib ki, Tramp prezident olanda "Avropa təkbaşına müharibə tərəfdarı olaraq qala bilməyəcək”. Eyni zamanda, Orban bu yay Moskvaya səfər edib və Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olduğunu bəyan edib.
Nizami Bağırov
Şərhlər