Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynanın NATO-ya daxil olması "real deyil" və Qərb ölkələri onun NATO üzvlüyündən imtina etməlidirlər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə keçmiş Fox News aparıcısı, rus təbliğatının sevimlisi Taker Karlsonla müsahibəsində
deyib.
"Biz NATO üzvü olan Ukraynanın Rusiya ilə bu qədər uzun sərhədə malik ola bilməsinə imkan verə bilmərik. Bu, hamımız üçün dərhal müharibə təhlükəsi demək olardı. Hətta Vaşinqtonda. Bu, hətta ABŞ üçün də təhlükəlidir... Ona görə də indi bu təklif real deyil, bunu unudun”, - Orban bildirib.
Bunun əvəzinə, onun fikrincə, Qərb bunun əksini etməli və Rusiya ilə Ukraynanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün müqavilə bağlamalıdır, lakin onun NATO üzvlüyünə çalışmamalıdır.
Orban 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuş Krımın geri qaytarılmasını "qeyri-real” adlandırıb.
Onun fikrincə, Ukrayna bu müharibədə qalib gələ bilməz və "Rusiyadan əvvəl onların əsgərləri tükənəcək”, - Orban Karlsonun X (keçmiş Twitter) hesabında dərc etdiyi müsahibədə təkid edir. Sonunda hər şey döyüş meydanındakı əsgərlərin sayına görə müəyyən edilir və burada Rusiya "daha güclüdür, daha çoxdur”. Orban deyib ki, Qərb ölkələrinin dəstəklədiyi strategiya "strategiyanın zəif icrası”dır.
Onun fikrincə, sülhün bərqərar olması üçün ən yaxşı fürsət Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışı və onun Ukraynaya hərbi dəstəyini dayandırmasıdır.
Orbanın fikrincə, ABŞ "rusları başa düşmür”. Onun sözlərinə görə, Rusiya üçün əsas məqsəd "ölkəni [parçalanmaqdan] qorumaqdır və bu, fərqli mədəniyyət və fərqli siyasət yaradır”. Bu siyasət təhlükəsizliyi təmin etməkdən, silahlı qüvvələrə arxalanmaqdan, bufer zonalar yaratmaqdan ibarətdir.
"Bu, fərqli, lakin qanuni yanaşmadır, çünki bu, onların tarixidir, - Orban deyir. - Ancaq başa düşməliyik ki, indi düşündüyümüz kimi, onları məğlub edə bilmərik, bu, sadəcə olaraq mümkün deyil. Onlar liderlərini öldürməyəcəklər. Onlar heç vaxt təslim olmayacaqlar. Onlar ölkəni qoruyub saxlayacaqlar”.
Nizami Bağırov