Xəbər lenti

Orban Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəkmi? (ŞƏRH)
Dünya 17:50 03.07.2024

Orban Ukrayna-Rusiya müharibəsini dayandıra biləcəkmi? (ŞƏRH)

"Viktor Orbanın Kiyevə səfəri heç də o anlama gəlmir ki, Macarıstan Avropa İttifaqında və Ukrayna müharibəsində sərgilədiyi mövqeyindən geri çəkilir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstan baş naziri Viktor Orbanın Ukraynaya gözlənilməz səfərini şərh edərkən deyib.

"Orban bütün hallarda özünün əvvəlki mövqeyində qalmaqda davam edir. İndiyə qədər Orban Avropa İttifaqında həmin strukturun sadəcə olaraq üzvlərindən biri idi. İndi isə quruma sədrlik Budapeştə keçdiyindən Orban da 6 aylıq müddətdə həyata keçirməyi qarşısına məqsəd qoyduğu müəyyən proqramları reallaşdırmaq istəyir. Orban əvvəlcədən elan etmişdi ki, həmin proqramların bazasında da Ukraynada gedən müharibənin dayandırılması durur", deyə Arif Əliyev bildirib.



Şərhçi düşünür ki, Orbanın Kiyevə səfəri də əsasən məhz bu məqsədlə bağlı olub:

"Görüşdə Volodimir Zelenskiyə də müharibənin dayandırılması barədə düşünməyi təklif edib. Odur ki, Orbanın mövqeyində hələlik yeni heç nə yoxdur".

Həmsöhbətimiz düşünür ki, Orban Aİ-yə 6 aylıq sədrlik dövründə müharibəni dayandırmaq istəyinə nail ola bilməyəcək:

"Çünki Orbanın mövqeyi Aİ və qurumun ən yaxın dostlarının ümumi mövqeyilə ziddiyyət təşkil edir. Özü də bu ziddiyyət fundamental xarakter daşıyır. Ona görə də qurumun digər üzvlərinin Orbana görə öz mövqelərini dəyişdirəcəyini düşünmürəm".

Qeyd edək ki, Aİ-yə 6 ay müddətində rəhbərlik etməyə başlayan Macarıstan baş naziri Viktor Orban iyulun 2-də gözlənilmədən Kiyevə səfər edib. Səfər çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və onlar ikitərəfli məsələlərdə yaşanan problemləri həll edəcək saziş üzərində işləmək barədə razılığa gəliblər. Tərəflər vurğulayıb ki, danışıqlar iki ölkəni yeni  sazişin mümkün imzalanmasına yaxınlaşdırıb. Bundan əlavə, Orban qeyd edib ki, Macarıstan Avropa İttigaqı Şurasına sədrliyi dövründə Ukraynaya kömək etmək niyyətindədir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->