Yerin orbiti hər keçən gün daha da sıx və mürəkkəb bir mühitə çevrilir. Minlərlə aktiv peyk və on minlərlə kosmik tullantı saatda təxminən 28 min kilometr sürətlə başımızın üstündə fırlanır. Bəs bu nəhəng prosesin idarəsi bir anlıq dayanarsa, nə baş verərdi?
Qaynarinfo xəbər verir ki, yeni tədqiqat peyklərin bir-birindən yayınmaq manevrini itirməsi halında nələr olacağını "Toqquşma Saatı” adlı model vasitəsilə hesablayıb.
Nəticələr olduqca qorxuducudur: mövcud peyk sıxlığı ilə ilk böyük toqquşmanın baş verməsi üç gündən də az vaxt ala bilər.
Tədqiqatçılar xüsusilə "SpaceX"in "Starlink" kimi böyük peyk şəbəkələrinin yerləşdiyi, Yer səthindən təxminən 500 kilometr yüksəklikdəki bölgələrin ən riskli sahələr olduğunu bildirir. 2018-ci ildə aparılmış oxşar simulyasiyada ilk toqquşmanın baş verməsi üçün 128 gün tələb olunurdu. Lakin cəmi yeddi il ərzində trafik o qədər artıb ki, bu müddət 2,8 günə qədər azalıb. Bu, kosmik fəaliyyətlərimizin nə qədər həssas bir davamlılıq zəmininə qurulduğunu açıq şəkildə göstərir.
Peyklərin istiqamətini itirməsi və ya idarəni itirməsi yalnız texniki nasazlıq deyil, həm də təbii fəlakətin nəticəsi ola bilər. Günəş böyük plazma partlayışlarını Yerə doğru göndərdikdə, atmosferin üst qatları sıxlaşır və genişlənir. Bu, peyklərə müqavimət yaradaraq onların sürətini azaldır və trayektoriyalarını proqnozlaşdırılmaz edir. Məsələn, 2003-cü ildə baş verən böyük günəş fırtınası zamanı operatorlar peyklərin mövqelərini günlərlə müəyyən edə bilməmişdi. O vaxt orbitdə yalnız bir neçə yüz peyk var idi, amma indi bu sayı 13 mini keçib.
Əgər 1859-cu ildəki əfsanəvi Karrinqton Hadisəsi qədər güclü bir fırtına bu gün baş verərsə (çox ehtimal olunmasa da), peyklərin mövqelərindəki qeyri-müəyyənlik kilometrlərlə artacaq. Bu isə toqquşmalardan yayınmağı qeyri-mümkün edir. Tək bir toqquşma minlərlə yeni parçanın orbitə yayılmasına və dayandırıla bilməyən zəncirvari reaksiyaya səbəb ola bilər. Belə bir ssenari Kessler Sindromu adlanır və baş verərsə, Yer ətrafındakı kosmik boşluq tamamilə istifadə olunmaz bir tullantı sahəsinə çevrilə bilər.
Mövcud məlumatlara görə, yalnız "Starlink" peykləri 2025-ci ilin iyulundan əvvəlki altı ay ərzində 145 min dəfə toqquşmadan qaçınma manevri həyata keçirib. Bu, peyk başına ayda orta hesabla dörd manevr deməkdir. Alimlər vurğulayır ki, operatorlar köhnələn peykləri sürətlə yörüncədən çıxarmalı və peyk sıxlığını nəzarətdə saxlamalıdır. Çünki günəş bir gün yenidən partlayanda və "səhv qəbul etməyən” bu sistemlər dayananda, yörüngədə təhlükəsiz sığınacaq üçün heç bir yer qalmaya bilər.
Aydın
Şərhlər