Dünya 08:30 15.06.2022

Şotlandiya yenə müstəqillik istəyir - Referendum kampaniyası başladı

Şotlandiyanın birinci naziri Nikola Stercen Böyük Britaniyadan müstəqillik elan edilməsi məqsədilə ikinci referendumun keçirilməsi üçün kampaniyaya başlayıb.

Qaynarinfo bu barədə "Sky News"a istinadən xəbər verir.

"Baş verən hər şeydən - "Brexit”, COVID, Boris Conson məsələrindən sonra fərqli və daha yaxşı bir baxış ortaya qoymağın vaxtı gəlib", deyə nazir bildirib.

Stercen, müstəqillik iddiasını əks etdirən bəzi hökumət sənədlərinin bir neçəsini açıqlayıb. Nazirə görə, Şotlandiya Birləşmiş Krallıqdan kənarda iqtisadi cəhətdən daha uğurlu olacaq.
 
"Bütün Şotlandiyada insanlar gündəlik bahalaşma, zəif iqtisadi inkişaf, bərabərsizlik, dövlət maliyyəsinin çatışmazlığı və səs vermədikləri "Brexit”in bir çox digər nəticələrindən əziyyət çəkirlər", deyə Birinci nazir qeyd edib.
 
Stercen iddia edir ki, regionun probleminin səbəbi Böyük Britaniyanın Avropa İttifaqından çıxması olub.

Onun sözlərinə görə, indi yeni referendumun keçirilməsi üçün bütün əsaslar var, Britaniya hökuməti tərəfindən onun keçirilməsinə icazə verilməlidir.

Stercen daha əvvəl bəyan etmişdi ki, əgər ölkə referendumdan sonra müstəqilliyini elan edərsə, o, Avropa İttifaqına və Şimali Atlantika Alyansına üzvlüyün tərəfdarı olacaq.

Nizami Bağırov