Endryu və Tristan Teyt qardaşlarının sosial şəbəkələrdə nümayiş etdirdikləri dəbdəbəli həyat tərzi hazırda tamamilə fərqli mənzərə ilə əvəzlənib. Vaxtilə bahalı restoranlarda iri steyklər yeyən, idman avtomobilləri, nağd pul və lüks saatlarla zənginlik nümayiş etdirən qardaşlar hazırda Mayamidə federal həbsxanada saxlanılır.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, qardaşlar Böyük Britaniyanın ekstradisiya tələbi əsasında həbs edilərək ABŞ-ın Mayami şəhərindəki Federal İstintaq Mərkəzinə yerləşdiriliblər. Onlar Böyük Britaniyada zorlama və insan alveri də daxil olmaqla, ümumilikdə 59 ittihamla üzləşirlər. Endryu Teytə 42, Tristan Teytə isə 17 ittiham irəli sürülüb.
Qardaşlar ittihamları qəbul etməyib və bütün qanunsuzluq iddialarını dəfələrlə rədd ediblər. Endryu Teyt özünü və qardaşını “çox günahsız insanlar” adlandırıb.
Dəbdəbəli həyatın arxasındakı gerçəklik
Teyt qardaşları uzun illər sosial şəbəkələrdə qeyri-adi var-dövlət obrazı formalaşdırıblar. Lakin onların hüquqşünasları məhkəməyə təqdim etdikləri sənədlərdə bu zənginlik görüntüsünün biznes strategiyasının bir hissəsi olduğunu bildiriblər.
Müdafiə tərəfi etiraf edib ki, Tristan Teytin videolarında nümayiş etdirilən 2,1 milyon dollarlıq “Aston Martin” və 5 milyon və 7 milyon dollarlıq “Bugatti” avtomobilləri qardaşların şəxsi mülkiyyəti olmayıb, onlar icarəyə götürülüb.
Hüquqşünaslar həmçinin qardaşların sosial şəbəkələrdə özlərinə məxsus kimi təqdim etdikləri “superyaxta”nın reklamını etmək üçün pul aldıqlarını bildiriblər.
Onların əvvəlki həyatında lüks restoranlarda bahalı yeməklər də mühüm yer tuturdu. 2024-cü ildə yayımlanan “Tate Confidential” verilişinin bir bölümündə Tristan Teyt 400 qramlıq üç steyki cəmi beş dəqiqəyə yediyini nümayiş etdirib, daha sonra dostunun steykini də bitirib.
Hazırda isə qardaşlar həbsxana mağazasından “Spicy Sweet Chili Doritos”, “Snickers”, “Twix”, ramen əriştəsi, hinduşka və İsveçrə pendirli qəlyanaltılar, həmçinin Kolumbiya qəhvəsi alırlar.

Tristan Teytin vəkili həbsxanada yazdığı qeydin fotosunu sosial şəbəkədə paylaşaraq onun “ac olduğunu” yazıb
59 ittiham və ekstradisiya prosesi
ABŞ marşalları qardaşları iyulun 18-də Mayamidə keçirilən əlbəyaxa döyüş yarışından çıxarkən həbs edib. Böyük Britaniya hakimiyyətinin tələbi əsasında baş tutan həbsdən sonra onların ekstradisiyası məsələsi üzrə hüquqi proses başlayıb.
Britaniya prokurorlarının sentyabrın 16-dək ABŞ-a rəsmi ekstradisiya tələbini və bütün 59 ittihamla bağlı materialları təqdim etməsi gözlənilir. İttihamlar 2010–2017-ci illərdə İngiltərədə törədildiyi iddia olunan əməllərlə bağlıdır.
Britaniya işi üzrə yeddi zərərçəkmiş şəxsin olduğu bildirilir. Endryu Teytə qarşı uşaq cinsi xarakterli görüntülərin hazırlanması və ya yayılması, habelə ekstremal pornoqrafik materialların saxlanılması ilə bağlı əlavə ittihamlar da irəli sürülüb.
Qardaşların vəkili Co Makbrayd əlavə ittihamları “böhtan və çirkab” adlandırıb, onların günahsız olduğunu bildirib və ekstradisiyaya qarşı mübarizə aparacağını açıqlayıb. O, işi siyasi motivli adlandırıb.
Rumıniyada da istintaq davam edir
Qardaşlar Rumıniyada ayrıca iş üzrə də insan alveri və qadınların cinsi istismarı məqsədilə mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunurlar. Onlar bu ittihamları da rədd edirlər.
Britaniyadakı ittihamlar onların sosial şəbəkələrdəki çıxışlarından deyil, konkret olaraq qadınlara qarşı cinsi zorakılıq, nəzarət və onların istismarından gəlir əldə etmələri ilə bağlı iddialardan irəli gəlir.

Həbsxanada ağır şərait
Teyt qardaşları Mayami şəhərinin mərkəzində yerləşən, dar şaquli pəncərələri olan beton binadakı Federal İstintaq Mərkəzində saxlanılır.
Müəssisədə saxlanılan şəxslər uzun müddətdir kondisioner və su sistemlərindəki problemlərdən şikayət edirlər. ABŞ Penitensiar Bürosu bu ayın əvvəlində nasaz kondisioner sisteminin təmir edildiyini açıqlayıb.
Endryu Teytin “X” hesabı həbsdə olmasına baxmayaraq fəaliyyətini davam etdirir. Vəkilləri hesabın biznes hesabı olduğunu və onun komandasının üzvləri tərəfindən idarə edildiyini bildiriblər.
Hesabda həbsxanadakı gecələr haqqında da paylaşımlar edilib. Onlardan birində yaxınlıqdakı kameradan “demonik uğultu” gəldiyi, digərində isə qonşu məhbusun “adamyeyən olduğu və gecə boyu qışqırdığı” iddia edilib.

Lüks geyimlərin yerini həbsxana forması tutub
Qardaşların geyim tərzi də əvvəlki həyatlarından kəskin şəkildə fərqlənir.
Onlar sosial şəbəkələrdə bahalı kostyumlar, lüks saatlar və dizayner ayaqqabıları ilə görünürdülər. Endryu Teyt isə son illərdə tez-tez köynəksiz, əlində siqar və gözündə tünd eynəklə videolar çəkərək güc, intizam və kişilərin üstünlüyü barədə fikirlərini təbliğ edirdi.
Mayamidə həbs edilərkən Endryu Teytin əynində sinəsi açıq bənövşəyi ipək köynək, dar qara şalvar və corabsız mokasinlər olub.
Məhkəməyə gətirilərkən isə qardaşlar sadə qəhvəyi həbsxana formasında olublar. Brilyantlarla bəzədilmiş boyunbağıların yerini ayaq qandalları, qızıl saatların yerini isə metal əl qandalları tutub.

Təkadamlıq kamerada, lakin tam təcrid olunmayıblar
Endryu Teyt saxlanıldığı Xüsusi Təhlükəsizlik Bölməsindəki şəraitdən dəfələrlə şikayət edib və buranı ABŞ hökumətinin terrorçular və psixopatlar üçün yaratdığı “ən pis şərait” kimi xarakterizə edib.
Vəkil Makbraydın sözlərinə görə, qardaşların günəş işığına çıxış imkanı yoxdur və bu, onların sağlamlığına mənfi təsir göstərir. O, onların təkadamlıq kameradan çıxarılaraq ümumi məhbus bölməsinə köçürülməsini istəyir.
Endryu Teytin hesabında yayımlanan başqa bir paylaşımda “həbsxana mağazasından alış-veriş edə bilmirəm, görüşlərə icazə verilmir, xarici aləmlə əlaqəm yoxdur” deyilir.
Bununla belə, qardaşlar tamamilə təcrid edilməyiblər. Vəkilin sözlərinə görə, onlar eyni hüquqşünaslar komandası ilə görüşlər keçirdikləri üçün mütəmadi olaraq bir-birlərini görürlər. Bəzi hüquqi görüşlərin beş saata qədər davam etdiyi bildirilir. Ailə üzvləri və dostları ilə görüşlərinə isə icazə verilməyib.
ABŞ prokurorluğu qardaşların həbsxanadakı şəraitlə bağlı iddialarını rədd edib və bildirib ki, müəssisə “Marriott oteli olmasa da”, Teyt qardaşlarının saxlanma şəraiti ağlabatan, konstitusiyaya uyğun və Penitensiar Büronun səlahiyyətləri çərçivəsindədir.
Qardaşların ekstradisiya prosesində girov müqabilində azadlığa buraxılmaq tələbinə baxılması üçün federal məhkəmədə növbəti iclasın avqustun 27-də keçirilməsi gözlənilir.
Aydın
Şərhlər