
“Onlar hətta bütün partiya rəsmilərini həbs etsələr də, biz haqqımızı tələb etməyə davam edəcəyik"
Misirin Baş Prokurorluğu “Müsəlman qardaşlığı” partiyasının lideri Məhəmməd Bədiyənin həbs olunmasına qərar verib. Əl-Ərəbiyyə xəbər agentliyinin verdiyi məlumata görə, Bədiyə və onun müavini İsam Əl-Əryan, həmçinin, partiyanın bir neçə digər üzvü sabiq prezident Məhəmməd Mursiyə dəstək məqsədilə meydanlara toplaşan fəalları zorakılığa təhrik etməkdə ittiham olunurlar.
Xatırladaq ki, Təhlükəsilzik Qüvvələri ilə etirazçılar arasında yaşanmış sonuncu irimiqyaslı qarşıdurmalarda 51 nəfər ölmüş, 400-dən çox insan isə yaralanmışdı. Prokurorluq, eyni zamanda qarşıdurmalar zamanı zorakılıq törədən 1000-ə yaxın fəalın həbs edildiyini də əlavə edib.
Mursi tərəfdarı Fəthi Əbdəl Vahab deyib: “Onlar hətta bütün partiya rəsmilərini həbs etsələr də, biz haqqımızı tələb etməyə davam edəcəyik. Biz əsla hərbi çevrilişə boyun əyməyəcəyik. Bizim etirazlarımız hansısa qrupu dəstəkləməklə əlaqədar deyil. Etirazlarımızın əsas məqsədi ölkədə həqiqi demokratiyanı bərpa etməkdir”.
Bədiyənin və digər partiya rəhbərlərinin həbsi isə cəmiyyət arasında Hüsnü Mübarək dönəmində yaşanan ssenarinin təkrarlanacağı hissini yaradır.
Ölkənin aparıcı insan haqları qrupları hökumətin fəallara qarşı güc tədbiq etməsinə etirazını bildirib və rəsmiləri baş verən zorakılıqların müstəqil şəkildə araşdırmasına təkid edib./musavat/