"Paşinyanın komandası İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkiləri udacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İrəvan Ağsaqqallar Şurasına olacaq seçkiləri şərh edərkən deyib.
"Hazırda bütün ölkədə olduğu kimi, paytaxt İrəvanda da ictimai-siyasi vəziyyət gərgindir. Bu bir tərəfdən, Ermənistanla Rusiya arasında münasibətlərdə son günlər baş verən soyuqluqla bağlıdır. Digər tərəfdən, Ermənistandakı radikal müxalifət də vəziyyəti gərginləşdirməkdə maraqlıdır”, deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert qeyd edib ki, Paşinyanın ifrat çoxvektorlu siyasi kursu seçkilər ərəfəsi gərginliyi bir qədər də artırır:
"Paşinyanın müxtəlif məntiqsiz çıxış və bəyanatları da erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Qərb ölkələri Paşinyan hakimiyyətinə açıq şəkildə dəstək göstərir. Burada Rusiyanın rolunu da göz ardına almamalıyıq. Onun İrəvana təsir imkanları genişdir. Bu baxımdan, İrəvanda Ağsaqallar Şurasına keçiriləcək seçkilər gərginliklə müşayiət olunacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, hətta sərt qarşıdurmalar da baş verə bilər:
"Köçəryan və Sarkisyan tərəfdarları artıq aktiv fəaliyyətə keçib. Bir sözlə, İrəvanda keçiriləcək seçkilərə əslində Qərb-Rusiya rəqabəti kontekstində də baxmaq olar. Güman ki, Paşinyanın rəhbərlik etdiyi partiya Qərbin dəstəyilə çətinliklə də olsa, İrəvan Ağsaqqallar Şurasında üstünlüyünü qoruyub saxlayacaq”.
Qeyd edək ki, sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına seçkilər keçiriləcək 65 üzvdən ibarət Şuraya seçkilərdə 40 faizdən çox səs qazanan siyasi qüvvənin siyahısına başçılıq edən namizəd İrəvan meri vəzifəsinə seçilmiş hesab edilir. Əgər, namizəd İrəvan meri vəzifəsi üçün tələblərə cavab vermir, vəzifədən imtina edir, yaxud heç bir siyasi qüvvə səslərin 40 faizindən artıq əldə edə bilmirsə, mer Ağsaqqallar Şurası üzvlərinin gizli səsverməsi nəticəsində seçiləcək.
Rüfət Sultan