"Görünür, indiki mərhələdə Nikol Paşinyan artıq dərin qatlara enməyi vacib hesab edir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın qondarma "soyqırım" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə bəyanatını şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, bir neçə ay bundan əvvəl erməni identifikasiyası, özünüdərk haqqında danışarkən Paşinyan faciəvi məsələlərə həddən artıq yönəlmə haqqında danışıb:
"Onun söylədiyi odur ki, ermənilər "zavallı xalq" obrazından uzaqlaşmalı, aralanmalıdır. Yəni bu yanaşma tərzi müxtəlif formalarda özünü göstərirdi. Paşinyan saxta soyqırım məsələsinə də çox ehtiyatla yanaşırdı. Bu mövzunun dərki və ona müraciət Ermənistan üçün ağrılı mövzudur. Görünür, indiki mərhələdə Paşinyan artıq dərin qatlara enməyi vacib hesab edir. Yəqin ki, bunun da əsasları var. "50-ci illər məsələsi" deyəndə o, məhz sovet hakimiyyəti dövründə, keçən əsrin 50-60-cı illərində baş verən hadisələri, həmin ərəfədə İrəvanda xüsusi memorealın qurulmasını, onunla əlaqədar hay-küylü konkursun keçirilməsini xatırladır. Həqiqətən də bu hərəkətlər keçən əsrin 50-60-cı illərində Ermənistanda soyqırım söhbətinin genişlənməsi və millətçilik hisslərinin qızışmasına səbəb oldu".
Ekspert onu da qeyd edir ki, Paşinyanın həmin açıqlaması həmçinin baş verənlərə görə günahı keçmiş sovet rejiminin üzərinə atmaq cəhdidir:
"Paşinyan bu açıqlaması ilə sözügedən dövrdə həmin məsələnin Moskva tərəfindən qəsdən qızışdırıldığını da gündəmə gətirir. Həqiqətən də bu addım Sovet İttifaqının Türkiyəyə qarşı NATO məsələsilə bağlı siyasətinin göstəricisi idi. Amma fikrimcə, indilikdə erməni təfəkkürü və onun özünüdərk mexanizminə təsir cəhdləri Paşinyan üçün daha üstündür".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı uydurma "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib. Baş nazir Nikol Paşinyan bunu Sürixdə İsveçrənin erməni diasporu ilə görüşündə deyib.
"Biz "erməni soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", deyə Paşinyan bildirib.
Xatırladaq ki, daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. Bundan əlavə, 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.
Rüfət Sultan
Şərhlər