Xəbər lenti

"Paşinyan Kremlin təzyiqlərinə boyun əysə..." - Ekspert
Dünya08:31 13.09.2023

"Paşinyan Kremlin təzyiqlərinə boyun əysə..." - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar Kremlin Ermənistanı sıxmağa başladığı açıq şəkildə görünməyə başlayır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya nəşrinə müsahibəsində ölkəsinin tək Rusiyaya "stavka” etməsinin doğru yanaşma olmadığını bildirməsi Moskvanın qıcığına səbəb olub. 
Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb: "Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. Bu baş verib və bizim qərarımız deyil. Ermənistan rəhbərliyinin qərarıdır. Burada deməyə söz yoxdur”. 
Putin moderatorun "Ermənistana KTMT kömək etmədi” kimi iddiaları ilə bağlı sualına da cavab verib: "Başa düşürsünüz, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, bu qədər, daha nədən söhbət gedə bilər?! Bu, bütün problemlərin əsas tərkib hissəsidir. Ermənistan özü Qarabağın statusunu müəyyən edib. Bütün problem  bundadır”.
Bundan başqa, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da sözügedən mövzu ilə bağlı İrəvanı kəskin tənqid edən fikirlər səsləndirib. 
Rusiya rəsmilərinin bu sayaq açıqlamaları onu göstərir ki, Kreml Ermənistanın hazırkı rəhbərliyinin yürütdüyü Qərbpərəst siyasətdən həddən artıq narahat olmağa başlayıb. Ona görə də bu sayaq açıqlamalarla çalışırlar ki, Ermənistan ictimaiyyətini Paşinyan əleyhinə yönəldə bilsinlər. Ona görə də Paşinyanı küncə sıxmağa çalışırlar. 
Görəsən, Rusiya Paşinyanı hara qədər sıxacaq və bundan nə əldə edəcək? Kreml bu zaman istədiyini alsa, onun Azərbaycana nə kimi təsirləri ola bilər? 
Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Arif Əliyev deyib ki, Rusiyanın Ermənistanı sıxmasının hələlik hər hansı bir həddini görmür: 
"Bu, Kreml üçün mühüm məsələdir. Ona görə də Ermənistanın Qərbə doğru istiqamət götürmək cəhdinin qarşısını almaq üçün ən gərgin nöqtəyə qədər gedə bilərlər. Kremlin Qafqazdakı hədəfləri də bəllidir, buradakı mövqelərini itirmək istəmir”. 
Aarif Əliyev vurğulayıb ki, Rusiyanın əsas vurğusu hər zaman Ermənistana olub:
"Kremlin mövcudluğu da əsasən Ermənistanda olub. Bu indi də belədir. Ona görə də Rusiya özünün Qafqazdakı başlıca forpostunu itirmək istəmir”.
Həmsöhbətimizə görə, Rusiya İrəvandan istədiyini alsa, bu bölgədə onun nüfuzunun saxlanması anlamına gələcək ki, belə vəziyyətdə Azərbaycan da bir sıra mövqelərindən geri çəkilə bilər: 
"Rusiya Ermənistanın indiki hakimiyyətinə münasibətdə istədiyinə nail olsa, aydın məsələdir ki, onun Qafqazda nüfuzu istər-istəməz əvvəlki qaydada saxlanılacaq. Bu fonda isə yaranmış vəziyyət müəyyən məsələlərdə Azərbaycan üçün də ciddi problemlər yaradacaq. Rusiyanın nüfuzunun əvvəlki qaydada saxlanılması Azərbaycanın da bir çox məsələlərdə ehtiyatlı olması və yaxud bir sıra mövqelərindən geri çəkilməsi demək olacaq”. 
Rüfət Sultan