Dünya 19:09 18.05.2022

Paşinyan kütləvi həbslərə hazırlaşır və əlavə səlahiyyətlər istəyir

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda Təhlükəsizlik Şurasının üzvlərindən başqa, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və müdafiə nazirinin müavini Karen Brutyan iştirak ediblər. 

TŞ-nin təcili iclasının səbəbləri barədə Qaynarinfo-ya açıqlama verən politoloq Cümşüd Nuriyev düşünür ki, ola bilsin TŞ-nin iclasını çağırmaqla Paşinyan özünə əlavə səlahiyyətlər istəyib:

"Ermənistanda etiraz aksiyaların tempi artır. Hər gün 300-400 mitinqçi saxlanılır. Bu templə davam etsə, yaxın zamanlarda 10 min adam həbsdə olacaq. Paşinyan da hakimiyyətə bu yolla gəldiyindən bunların nə demək olduğunu yaxşı başa düşür.Yəqin ki, TŞ-nin iclasında Rusiyanın təklifləri məsələsi gündəmə gəlib. Moskva tələb edir ki, təcili şəkildə Azərbaycanla sülh müqaviləsi bağlanılsın. Zəngəzur dəhlizinin açılmasını isə qəti şəkildə tələb edib. Paşinyan da bu müstəvidə dünən sərsəm fikirlər səsləndirdi ki, nəticədə ölkədə vəziyyət daha da gərginləşdi. Erməni deputatlar məsələ qaldırıb ki, ölkədə bütün sosial şəbəkələr və deputatlar narkotika satışına bağlanıb. Bu istiqamətdə də müzakirələrin olduğu istisna deyil. Digər tərəfdən, TŞ-nin iclasında Paşinyanın mövcud vəziyyəti nəzərə alaraq özünə əlavə səlahiyyətlər istəməsi də mümkündür. Təhlükəsizlik Şurasının sədri kimi ona əlavə səlahiyyətlər verilməlidir ki, həbs məsələlərini həyata keçirə bilsin. Polis isə bir tərəfdən aksiya iştirakçılarını tutsa da, digər tərəfdən buraxır. Artıq deputatların da tutulması vəziyyətin gərgin müstəviyə qədəm qoyduğunun göstəricisidir”. 

Rüfət Sultan