Armenpress”in sualına cavab olaraq Ermənistan Respublikasının Baş Naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamenti Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) sədri Murad Papazyanın iyulun 13-də Ermənistan Respublikasına girişinin qadağan edilməsinin səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Armenpress” məlumat
yayıb.
"Nəzərinizə çatdırırıq ki, "Əcnəbilər haqqında” Ermənistan Respublikası Qanununun 8-ci maddəsinin "G” və "Z” bəndləri əsasında göstərdiyiniz şəxsin Ermənistan Respublikasına girişi qadağan edilib.
Bu şəxs ötən il iyunun 1-də ER Fransadakı səfirliyi yaxınlığında baş nazirin rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin karvanına hücumu təşkil edən şəxslərdən biridir. Avtomobil karvanı tərəfə müxtəlif əşyalar atılıb. Üzərində Ermənistan Respublikasının dövlət bayrağı olan Baş nazirin avtomobili hücuma məruz qalıb və yalnız Fransa polisi və təhlükəsizlik qüvvələrinin səyi nəticəsində vəziyyətdən çıxmaq mümkün olub.
Bunu sübut edən məlumatlar müxtəlif KİV-lərdə dərc olunub, internetdə videomateriallar var. Təkcə qeyd etdiyiniz şəxsə deyil, həm də hücumun digər fəal iştirakçılarına Ermənistan Respublikasına giriş qadağandır. Eyni zamanda, Ermənistan Respublikasının dinc aksiyaların iştirakçıları ilə bağlı heç bir qeyd-şərti yoxdur. Hücumların təşkilatçıları və iştirakçılarının isə qanunvericiliyə uyğun olaraq Ermənistan Respublikasına girişi qadağandır”, - "Armenpress”in sualına cavab olaraq Ermənistan Respublikasının Baş Naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər.
Nizami Bağırov