Dünya 15:19 04.11.2022

Paşinyana qarşı mübarizənin növbəti mərhələsi - İrəvanda mitinqlər başlayır

Xankəndidəki mitinqdən ruhlanan Ermənistan müxalifəti bu istiqamətdə növbəti addımı özləri atmaq qərarına gəlib. Belə ki, keçmiş prezident Robert Köçəryanın tərəfdarları noyabrın 5-də İrəvanda da mitinq keçirəcəklər. O, tərəfdarlarını həmin gün "Fransa meydanında” toplaşmağa çağırıb. Bildirildiyinə görə, Köçəryan mitinqdə baş nazir Nikol Paşinyana qarşı mübarizənin növbəti mərhələsini elan edəcək. Köçəryanın mitinqlə bağlı yayımladığı şüar da bundan ibarətdir: "Ümidsiz olmayaq. Mübarizə həm "Arsax"da, həm də Ermənistanda davam etməlidir. Bizə qoşulun!”.

Qeyd edək ki, bu ilin yazında da "Qarabağ klanı” Ermənistanda anoloji aksiyalar keçirmişdi. Erməni müxalifəti bir müddət mitnqlər təşkil etsə də, prosesə az miqdarda insan qoşuldu. Bunun nəticəsində ötən aksiyada "Qarabağ klanı” istəyinə nail ola bilmədi. Onların başlıca istəyi isə Paşinyanın hakimiyyətdən getməsinə nail olmaqdır. 

Uzun fasilədən sonra Ermənistan müxalifəti yenidən güc nümayiş etdirmək istəyir. Revanşistlərin digər əsas məqsədi Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə mane olmaqdır. Daha doğrusu, Qərbin bu istiqamətdə addımlarının qarşısını almaq. Bildiyimiz kimi, Rusiya sülh prosesində Qərbin iştirakına qarşıdır. Qərb isə qısa zamanda sülh müqaviləsinin imzalanmasına çalışır. Hətta bildirilir ki, dekabra qədər bu istiqamətdə ciddi addımlar atıla bilər. Bu fonda Rusiya da bütün vasitələrdən istifadə etməklə çalışır ki, proses yalnız özünün partonajlığı altında həyata keçsin. 

Görünür, Köçəryanın noyabrın 5-nə təyin etdiyi mitinqin başlıca ilhamverici qüvvəsi də məhz Moskvadır. Moskva ilə "Qarabağ klanı” birləşərək növbəti aksiyalara start verməklə həm Qərbin sülh istiqamətində səylərini heçə endirmək, həm də Paşinyanın istefasına nail olmaq istəyir. Lakin erməni müxalifətinin yazda təşkil etdiyi aksiyalar göstərdi ki, onlar ciddi qüvvə deyil. "Qarabağ klanı”nın Ermənistamda nüfuzu xeyli zəifləyib. Bu baxımdan, Köçəryanın növbəti çağırışlarına geniş kütlənin cavab verəcəyi gözlənilən deyil. Əksinə, son zamanlar Paşinyan öz mövqeyini daha da gücləndirib. O artıq Qərbdən daha ciddi dəstək alır. Erməni müxalifəti indi yalnız "Qarabağ klanı”nın əsas hərəkətverici qüvvə olmadığı bir müstəvidə toparlanarsa, gələcək perspektivdə müəyyən üstünlüklərə yiyələnə bilər. Bunu onların hamiləri də anlamağa başlayıb. 

Təsadüfi deyil ki, Rusiya vətəndaşı olan erməni milyarder Ruben Vardanyan separatçı Qarabağ rejimində vəzifəyə gətirilib. Ola da bilsin ki, Köçəryanın başladığı mitinqlərin davamında, prosesin gedişindən asılı olaraq, əsas rəhbəredici qüvvə qismində ortaya məhz Vardanyan çıxsın. Bu zaman Paşinyan üçün müəyyən çətinliklər yarana bilər. Çünki Vardanyan həm maddi baxımdan imkanlıdır, həm də özünü "Qarabağ klanı”nın rəhbərləri kimi rüsvay etməyib. 

Rüfət Sultan