Xəbər lenti

Paşinyandan növbəti sərhəd açıqlaması (ŞƏRH)
Siyasət09:01 25.07.2022

Paşinyandan növbəti sərhəd açıqlaması (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın bütün sərhədlərinin mühafizəsinin ölkənin sərhəd qoşunlarına verilməsinin zəruriliyini bəyan edib. "Biz istəyirik ki, Ermənistan Respublikasının bütün sərhədləri istisnasız olaraq, yerli sərhəd qoşunlarının nəzarətinə keçsin, ordu hissələri isə daimi dislokasiya yerlərinə qayıtsın. Bu, Silahlı Qüvvələrin məntiqinin əsasını təşkil edir”, deyə Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Hazırda Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya Sərhəd Qoşunları qoruyur. Qeyd edək ki, Ermənistan Türkiyə ilə 311 km-lik, İranla isə 44 km-lik sərhədə malikdir. 219 km olan Gürcüstanla sərhədin 42 km-nin qorunması da Rusiya ordusunun ixtiyarındadır. 
Paşinyan bu açıqlaması nəyə işarədir? Rusiyanın nəzarətindən azad olur, yoxsa başqa səbəblər var? 
 
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Taleh Əliyevin fikrincə, Paşinyanın açıqlaması Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarının yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə ümid yaradır: 
"44 günlük müharibədə məğlubiyyət nəticəsində Ermənistan cəmiyyəti və ordusunda mənəvi-psixoloji deqradasiya baş verib. Paşinyan Ermənistanın bütün dövlət sərhədini sərhəd qoşunlarının nəzarətinə verməklə bir neçə məqsəd güdür. Bir tərəfdən, o, bu addımla Ermənistanın Rusiyanın təsirindən qurtulmasını hədəfləyir. Amma əsas məqsəd başqadır. Paşinyanın açıqlaması Azərbaycanla aparılan sülh danışıqlarına müsbət impuls vermək məqsədi də daşıya bilər. Bilirsiniz ki, sərhəd qoşunları yalnız dinc məqsədlər üçün dövlətlərarası sərhədlərin qorunmasında istifadə olunan qoşun növüdür. Ermənistanla Azərbaycanın atəşkəs rejimində yaşadığını və hər an erməni revanşistləri tərəfindən müharibənin yenidən alovlana biləcəyi riskini nəzərə alsaq, Bakının da işğaldan azad edilmiş ərazilərimizə Milli Ordunun Xüsusi Təyinatlı Komanda hərbi hissələrini yerləşdirdiyini görərik. Sərhəddə sərhəd qoşunlarının olması isə daha çox qonşularla dinc münasibətlərin əsas götürülməsinə əsas verir. Fikrimcə, Paşinyanın bu açıqlaması həm də Azərbaycanla aparılan sülh danışıqlarına ümidlə yanaşmasının göstəricisidir. Ermənistanın ümumi sərhədinin hardasa 63 faizindən bir qədər artığı Azərbyacanla sərhədə düşür. Belə bir mərhələdə Paşinyanın Azərbaycanla sərhəddə sərhəd qoşunlarının yerləşdirilməsindən danışması Bakı ilə aparılan sülh danışıqlarının yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə ümid yaradır”. 
Rüfət Sultan