Dünya 17:16 25.04.2022

Paşinyanı devirməkdən başqa alternativ yoxdur – Müxalifət

Qərblə Rusiya arasında sərt qarşıdurma və Ukrayna müharibəsinin Ermənistanın iki qütb arasında balanslaşdırılmış siyasət yeritməklə dalana dirənməsi Paşinyanın onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirdirir.

Getdikcə Rusiya ətrafında çevrəni daraltmaq siyasəti aparılacaq və bu, Ermənistanın imkanlarını daha da daraldacaq. Ermənistanın isə faktiki olaraq bu oyunların qurbanı olmaqdan başqa alternativi yoxdur. 

Belə bir şəraitdə Ermənistanın daxili təhlükəsizlik təhdidinin mahiyyəti baxımından vəziyyət elədir ki, ölkədəki bütün ictimai-siyasi qurumlar getdikcə baş nazirin devirilməsinə açıq şəkildə çağırışlar edirlər.

Məsələ burasındadır ki, Paşinyana qarşı kütləvi siyasi hücumun olmamasına baxmayaraq, onun siyasi düşmənlərini dəf etmək üçün hərəkət etməyə başlamaq istəyi də bir o qədər hiss olunmur.

Lakin müxalifət düşərgəsində Paşinyana qarşı ittiam və təhdidlər bitmir. Belə ki, analitik Karen Vrtanesyan Paşinyanı satqınlıqda ittiham edərək, Azərbaycanın ermənilərə qarşı və dövlət sisteminə daxildən zərbə vuran daha ciddi silahdan istifadə etdiyini, daha sonra birbaşa Respublika meydanında hökumət binasını vurduğunu bildirib. K.Vrtanesyan "o silahın adı Nikol Paşinyandır” deyərək, müharibədə zabit və əsgərin deyil, dövlət quruluşunun məğlub olduğunu və Azərbaycanın ermənilərə qarşı "Bayraktar”dan daha ciddi silahdan - Paşinyandan istifadə etdiklərini xatırladıb.

Etiraz aksiyalarında daha aktiv görsənən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyan isə aprelin 25-dən mübarizənin həlledici mərhələsinə qədəm qoyulacağını bildirərək bütün xalqı meydana gəlib Paşinyanı devirməyə hazır olmağa çağrır. A.Vanetsyana görə, qələbə əldə etmək üçün Paşinyanı devirməkdən başqa alternativ yoxdur.

Telman