İyunun 20-də keçiriləcək parlament seçkiləri fonunda Ermənistanda ilginc siyasi proseslər yaşanmaqdadır. Belə ki, erkən seçki qərarı ilə müxaliflərini çaş-baş qoyan Paşinyan hakimiyyəti daha inamlı görünməyə başlayıb. Müxalifət düşərgəsi isə seçkiyə hansı formatda qatılacağını müəyyənləşdirə bilmir.
Artıq Paşinyanın əleyhdarları arasında münasibətlər erkən seçkilər ərəfəsində gərginləşməkdə davam edir. Halbuki, 44 günlük döyüşlərdə ağır hərbi məğlubiyyətə uğrayan Ermənistanın 17 müxalif partiyası Paşinyanın hakimiyyətdən dərhal getməsini tələb edirdi. Hətta Qərbyönümlü siyasi təşkilatlar belə baş nazirin hakimiyyətdən uzaqlaşdırılması üçün Rusiyaya müəyyən jestlər etməkdən çəkinmirdilər. İndi isə erkən seçki məsələsində müxalifət partiyaları mövcud hakimiyyətdən daha çox bir-biri ilə mübarizəyə başlayıblar. Məsələn, özünü "Qarabağ klanı”nın lideri kimi mövcud hakimiyyətə əsas alternativ olduğunu göstərən sabiq prezident Robert Köçəryan ən yaxın silahdaşı Serj Sarkisyandan dəstək ala bilmir. Ermənistan mediasının yaydığı məlumatlara görə, Sarkisyanın lideri olduğu Respublika Partiyası Koçaryanla vahid blok yaratmaq ehtimalını istisna edir.
Məlumatlara görə, son iclasların birində Koçaryan növbədənkənar seçkilər zamanı məntəqələrə getməyin vacibliyini vurğulayıb, lakin Sarkisyan bunu rədd edib. Həmçinin, Koçaryan küçə mübarizəsinin davam etməli olduğunu, Sarkisyan isə bunun təsirsiz olduğunu deyir.
Başqa tərəfdən də Ermənistanın tarixi Daşnaksütyun Partiyası seçkilərə qatılmaqdan imtina edir. Oxşar vəziyyət digər 15 müxalif partiyanın mövqeyində də müşahidə edilir.
Bu isə bunu deməyə əsas verir ki, Kremllə münasibətlərdə gərginlik müşahidə olunan Paşinyan erkən seçkilərin yekun nəticəsində hakimiyyətini qoruyub saxlaya biləcək.
Müşahidəçilərin fikrincə, Paşinyan əleyhdarları arasında olan mövcud ziddiyyətlərin səbəbi heç də təsadüf deyil. Və tam olaraq Ermənistandakı daxili proseslərdən qaynaqlanmır. Belə ki, Rusiya ilə Qərb ölkələri arasında yaşanan gərginlik fonunda Ermənistanda böyük təsir gücünə malik erməni diasporası Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Buna görə də mövcud hakimiyyətin eleyhdarlarının vahid cəbhədə birləşməsini istəmir və müxtəlif vasitələrlə buna mane olmağa calışacaq.
Digər bir tərəfdən başda Qərb olmaqla region ölkələri də Ermənistanda Kremlin təsirində olan qüvvələrin hakimiyyətdə görmək istəmirlər. Həmçinin, Rusiyanın Ermənistanda dəstəklədiyi siyasi təşkilatların geniş ictimaiyyətdə nüfuzunun az olması Paşinyan üçün əlavə avantaj sayılır. Bu baxımdan, Rusiyanın beyin mərkəzləri istər Köçaryanın, istərsə də başqa müxalif liderin hakimiyyətə gələcəyi halda legitimlik qazana bilməyəcəyinin fərqindədir. Odur ki, Rusiyanın qısa və orta vədədə Paşinyanın hakimiyyətdə qalmasına barışacağını gözləmək olar. Çünki Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın çevrilişə bənzər cəhdinin uğursuz nəticələnməsindən sonra Rusiyanın Paşinyanı hakimiyyətdən uzaqlaşdırması üçün legitim güc mərkəzi qalmayıb.
Bu arada Paşinyanın hakimiyyətdə qalması və söz verdiyi regional layihələrin həyata keçməsi üçün Azərbaycan və Türkiyənin də Ermənistana müəyyən jestlər edəcəyi istisna deyil. Çünki müharibəni uduzmuş Paşinyan hakimiyyətinin ölkəsinin xilası naminə vacib olan regional kommunikasiya layihələrini reallaşdırması üçün yenidən legitimləşməsi lazımdır...
Orxan Əhmədli