Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü ilə bağlı müraciətində İncil məsəlinə paralel gətirərək ölkənin müstəqilliyi ilə bağlı öz baxışını təqdim edib.
"Hökumət Ermənistanın müstəqilliyi üçün hər gün mübarizə aparır. Bizim üçün müstəqillik təhlükəsizlikdir, onu təmin edən beynəlxalq mexanizmlər isə gözümüzün önündə çatlayır, bu da təəssüf ki, Dağlıq Qarabağda özünü büruzə verir. Müstəqillik qonşularla tənzimlənən münasibətlər deməkdir. Baxmayaraq ki, bəzi qonşularımızla gözəl münasibətlərimiz var, digərləri ilə ciddi irəliləyiş yoxdur, çünki onlar bizdən çox yüksək qiymət istəyirlər, ya da elə bilirlər ki, biz çox şey istəyirik”, - Paşinyan bildirib.
Ermənistan Baş nazirinin fikrincə, müstəqillik öz tarixi və dünyagörüşü ilə "üzləşməyə” bənzəyir.
"Müstəqillik dövlət təfəkkürüdür, onun olmaması suverenliyi və təhlükəsizliyi puç edir. Müstəqillik hüquq sistemidir, qanunun aliliyidir. Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir, lakin müttəfiqlər həmişə təkcə bizim deyil, həm də bizim əleyhimizə olanlar üçün müttəfiqdirlər. Qanuna hörmət etmək, ondan yayınmamaq üstünlük hesab edilməlidir”, - Nikol Paşinyan təbrik müraciətində deyib.
Onun fikrincə, müstəqillik İncildəki on mina məsəlinə bənzəyir: kimdə varsa, ona veriləcək, kimdə yoxdursa, hətta əlində olan da ondan alınacaq. Paşinyan həm də müstəqilliyi sağlamlıqla müqayisə edib ki, hətta sağlamsansa belə, onun hər gün qayğısına qalmaq lazımdır.
"Deməli, biz müstəqil olsaq, müstəqilliyimiz olacaq”, - deyə baş nazir yekunlaşdırıb.
Nizami Bağırov