Dünya 14:05 25.11.2023

Pekin-Moskva yaxınlaşması nədən xəbər verir? (ŞƏRH)

"Çin Rusiyanın xeyrinə belə bir addım ata bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Krımda Kerç boğazının altından Rusiyanın tunel çəkmək niyyəti və bu prosesə Çin şirkətlərini dəvət etməsinə münasibət bildirərkən deyib.

"Son zamanlar ABŞ-la Çin arasında gərginlik hökm sürür. Bu gərginlik özünü xüsusən də Tayvan məsələsində büruzə verir. Bununla yanaşı, dünyanın digər məkanlarında da ABŞ-la Çinin maraqları əksər hallarda ziddiyyət təşkil edir. Bu baxımdan, Rusiyanın Çinin köməyilə Krımda Kerç boğazının altından tunel çəkmək ideyası ağlabatan görünür. Çünki Ukrayna tərəfinin Qərbdən ən müasir silahlar əldə etməsi Rusiyanı belə bir ehtiyat varianta əl atmağa vadar edə bilər".



Ekspert qeyd edib  ki, Rusiya ilə Çin arasında bir sıra sahələrdə strateji əməkdaşlıq mövcuddur:

"Çin Rusiyanın layihəsində iştirak etməklə özünün Qərbə qarşı olduğunu açıq-aşkar nümayiş etdirə bilər. Rusiyanın xeyrinə Çin belə bir addım ata bilər. Pekin fərqindədir ki, Qərbin artan təzyiqləri fonunda digər müttəfiqlərlə yaxınlaşmasa, başlanan proses Rusiya və İrandan sonra Çinin özünə doğru irəliləyəcək. Ona görə də Pekin Qərblə qarşıdurmanı özündən uzaqlaşdırmaq məqsədilə müttəfiqlərini belə dəstək verməsi gözləniləndir".

Qeyd edək ki, Rusiya Çinin köməyi ilə işğal altında olan Krımda Kerç boğazı altından Ukraynanın hücumlarından qorunacaq tunel tikmək istəyir. "The Washington Post" Ukrayna xüsusi xidmət orqanlarının ələ keçirdiyi səs yazılarına istinadən bu haqda məlumat yayıb. 

Qəzetin yazdığına görə, oktyabrın sonunda ölkə rəhbərliyinə yaxın olan çinli və rusiyalı iş adamları arasında gizli danışıqlar aparılıb. Jurnalistlər Çinin ən böyük tikinti şirkətlərindən biri olan Çin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) layihədə iştiraka razılıq verdiyini öyrəniblər. 

Rüfət Sultan