ABŞ Müdafiə Nazirliyi (Pentaqon) onillər boyu UNO-larla bağlı dezinformasiyalar yayaraq yeni silah texnologiyalarının sınaqlarını gizlətməyə çalışıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin (WSJ) apardığı araşdırmaya əsasən yazıb.
Açıqlanan məlumatlara görə, bu məqsədlə yaradılmış konspirologiya ssenariləri əslində ordu rəhbərliyinin özü tərəfindən təşviq edilib.
Bu nəticə Pentaqon nəzdində fəaliyyət göstərən və anomaliyaların araşdırılması ilə məşğul olan AARO (All-domain Anomaly Resolution Office) bölməsinin apardığı daxili istintaqın materialları əsasında ortaya çıxıb. WSJ yazır ki, Pentaqon 2024-cü il üzrə ictimai hesabatında bu araşdırmanın əsas hissələrini gizlədib, çünki bu məlumatlar həm biabırçılığa səbəb ola bilərdi, həm də məxfi hərbi proqramların üstünü aça bilərdi.
İlk dezinformasiya əməliyyatı - 1980-ci illər
AARO-nun üzə çıxardığı ilk hadisə 1980-ci illərə aiddir. ABŞ Hərbi Hava Qüvvələrinin bir polkovniki Nevadadakı "51-ci Zona” yaxınlığında yerləşən bir barda UNO şəkillərini bar sahibinə göstərmiş və bu fotolar sonradan barın divarlarında sərgilənməyə başlamışdı. Şəkillərin yayılması bölgədə UNO-larla bağlı şayiələri artırmışdı. WSJ yazır ki, bu əməliyyat F-117 Nighthawk adlı yeni "stealth” (radara görünməyən) təyyarələrin sınaqlarını gizlətmək üçün həyata keçirilmiş dezinformasiya kampaniyasının bir hissəsi olub.
Məlum olub ki, ABŞ hərbi rəhbərliyi yerli əhalinin "yeni təyyarə” yox, UNO gördüyünə inanmasını daha təhlükəsiz hesab edib, çünki bu, sınaq texnologiyalarının əsl mahiyyətinin yayılmasının qarşısını alırdı.
İllərlə davam edən "zarafat” - saxta UNO fotoşəkilləri
İstintaq çərçivəsində Pentaqon həmçinin müəyyən edib ki, bəzi zabitlər UNO-lara dair inamlarını illərlə davam edən zarafatların təsiri ilə formalaşdırıblar. Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinin gizli proqramlarına yeni təyin olunan komandirlərə "Yankee Blue” adlı guya yadplanetlilərə məxsus bir uçan aparatın fotosu təqdim edilirmiş. Bu zarafat o qədər real görünürmüş ki, bəziləri illərlə onun gerçək olduğuna inanıb. Nəhayət, 2023-cü ilin yazında Pentaqon rəhbərliyi bu praktikanın dərhal dayandırılması barədə əmrlə çıxış edib.
Rəsmi dinləmələr və daha böyük iddialar
Qeyd edək ki, 2023-cü ilin yayında ABŞ Konqresində yadplanetli həyatla bağlı dinləmələr keçirilmişdi. Bu dinləmələrdə çıxış edən sabiq kəşfiyyat əməkdaşı Devid Qraş bildirib ki, Pentaqon hələ 1930-cu illərdən bəri Yerdə yadplanetlilərlə təmasları gizlədir.
Aydın
Şərhlər