Xəbər lenti

Pentaqon
Dünya 13:02 29.07.2025

Pentaqon "Ukrayna şəraiti"ndə dron və radioelektron müharibə sınaqları keçirdi

Pentaqonun Müdafiə İnnovasiyaları İdarəsi (DIU) iyun ayında Alyaskada, Fort Veynrayt yaxınlığındakı poliqonda pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarını keçirib. Məqsəd Ukraynadakı döyüş şəraitinə bənzər şərait yaratmaq olub. 

Qaynarinfo "Defense News”a istinadla yazır ki, dörd gün davam edən bu sınaqlarda beş şirkət öz sistemlərini radioelektron mübarizə (REM) şəraitində test edib.

"Biz belə sınaqları daim keçirməliyik, – deyə DIU nümayəndəsi Trent Emeneker bildirib. - Mühəndislərlə işləmək və texnologiyanın nasazlıqlara necə reaksiya verdiyini görmək istəyirik”.

Sınaq iştirakçıları naviqasiya və hədəflərin izlənməsi ilə bağlı problemlərlə üzləşiblər. Bu, qismən texnologiyaların yetkin olmaması və laboratoriyadan kənar mühitdə təcrübənin çatışmazlığı ilə bağlıdır. Bununla belə, bəzi şirkətlər sistemlərini uyğunlaşdırmağı bacarıb və testlər başa çatana qədər nəticələri yaxşılaşdırıblar.

Əsas çətinliklərdən biri müasir REM təhdidlərinin test edilməsi üçün uyğun infrastrukturun olmamasıdır.

"Biz iyirmi il əvvəlki avadanlığı götürüb onu müasir təhdidlərə uyğunlaşdırmağa çalışırıq”, – deyə REM operatoru serjant Piter Spercen izah edib.

Texniki məhdudiyyətlərə baxmayaraq, sınaqlar operatorların hansı avadanlığın daha yaxşı işlədiyini anlamaq və taktikanı uyğunlaşdırmaq qabiliyyətində irəliləyiş olduğunu göstərib.

"Belə testlər ixtisas səviyyəsinin artırılması və təminatdakı boşluqların müəyyən edilməsi üçün olduqca vacibdir”, – deyə polkovnik-leytenant Skott Smit vurğulayıb.

Trent Emeneker etiraf edib ki, belə testlər üçün ən yaxşı yer Ukraynadır:
"Dünyada testlər üçün bundan yaxşı yer yoxdur”, – deyə o, Ukraynanın döyüş şəraitində PUA texnologiyalarını sürətlə inkişaf etdirməsini nəzərdə tutaraq bildirib.

Lakin Donald Trampın yenidən seçilməsindən sonra yaranmış siyasi gərginlik və dəstəyin azalması səbəbilə rəsmi testlərin Ukraynada keçirilməsi mümkün deyil. Bu səbəbdən DIU Alyaskanı seçib – burada yayda günlər uzundur və radio maneə riski azdır.

DIU həmçinin yeni təşəbbüslər üzərində işləyir – məsələn, "GI Layihəsi” və Range Strike qrupunun yaradılması. Məqsəd kiçik şirkətlərin sınaqlara çıxışını asanlaşdırmaq və yeni texnologiyaların hərbi xidmətə inteqrasiyasını sürətləndirməkdir.

"Şirkətlər harada uğur qazandıqlarını, harada isə uğursuz olduqlarını görməlidirlər ki, təkmilləşmə apara bilsinlər”, – deyə DIU-nun avtonomiya proqramı üzrə meneceri Uill Rayan bildirib.

Ukraynadakı müharibə NATO ölkələrini dron istehsalına yanaşmalarını yenidən gözdən keçirməyə vadar edib. Xüsusilə Almaniyada düşmən arxasında hədəfləri məhv edə bilən uzaq mənzilli zərbə PUA-larının hazırlanması planlaşdırılır.

Hesabatda qeyd olunur ki, "Airbus Defence” bu layihədə ABŞ-ın startapı olan "Kratos” ilə birgə iştirak edir. Almaniyanın "Rheinmetall” şirkəti isə "Anduril” adlı dron istehsalçısı ilə tərəfdaşlıq qurub. Bundan əlavə, layihəyə Münhendə yerləşən "Helsing” adlı startap da cəlb olunacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->