ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın Avropada hərbi birləşmələr saxlaması barədə narahatlığını açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun Avropa Müttəfiq Qüvvələrinin komandiri, ordu generalı Kurtiz Skaparotti 2025-ci ilə qədər ABŞ-ın Avropadakı silahlı birləşmələrinin Rusiyaya qarşı üstünlüyünü itirə biləcəyini deyib.
Skaparotti Rusiya ordusundakı müasirləşmə prosesinin sürətlə getdiyinə də diqqət çəkib. O, bu səbəbdən ABŞ-ın hərbi sahədəki yeniliklərin tempini azaltmamasının vacibliyini vurğulayıb. Skaparotti eyni zamanda Rusiyanın Şimal Buzlu Okeanda nəzarəti əlinə almağa çalışdığını da bildirib:
"Moskva əgər istəsə, 2-3 il ərzində Şimal Buzlu Okeanı yolu üzərində nəzarəti ələ ala bilər, lakin ABŞ bu məsələdə geri qalır".
Pentaqonun Avropa Silahlı Qüvvələr Komandanlığı ordunun gücləndirilməsi üçün ötən illə müqayisədə bu il büdcədən 2 qat artıq məbləğ - 6,5 milyard dollar tələb edib.
"Rand Corporation" Təhlil Mərkəzinin açıqlamalarına görə, Rusiya son 10 ildə texnologiya baxımından NATO ilə arasındakı fərqi xeyli dərəcədə azaldıb. Məlumatda həmçinin qeyd olunur ki, rus ordusu Suriyada apardığı əməliyyatlar hesabına hərbi təcrübələrini daha da artırıb.