Rusiyanın Ukraynadakı uğursuzluqları və məhdud resursları göstərir ki, onun qüvvələri prezident Vladimir Putinin ölkəni işğal etmək kimi ilkin məqsədlərinə nail ola bilmir. Pentaqonun kəşfiyyat rəhbəri hədəflərin dəyişəcəyini düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” məlumat
yayıb.
"İndi biz elə bir nöqtəyə gəlmişik ki, məncə, Putin öz əməliyyatının məqsədlərini yenidən düşünməli olacaq”, - Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin direktoru general-leytenant Skott Beryer kəşfiyyat və daxili təhlükəsizlik mövzusunda konfransda deyib.
Beryer deyib ki, "indi tam aydındır ki, o (Putin - red.) əvvəlcə etmək niyyətində olduğu şeyi edə bilməyəcək”.
Onun sözlərinə görə, Putin Ukraynanın işğalını planlaşdırıb, lakin onun bunu edə bilməyəcəyi artıq aydındır.
Beryer Putin haqqında "O, qərar vermək nöqtəsinə gəlib çatır" deyib. "Bu qərarın nə olacağını bilmirik. Amma bu münaqişənin nə qədər davam edəcəyi böyük ölçüdə bu qərardan asılıdır", - o əlavə edib.
Eyni zamanda Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen bildirib ki, Putinin Ukraynaya nəzarət etmək kimi ilkin istəyinə sadiqliyi də gözdən qaçırılmamalıdır. "Düşünmürəm ki, onun bundan əl çəkdiyinə əsasımız var", - o bildirib.
Koen deyib ki, ABŞ Putinin "risk iştahası” da nəzərə alınmalıdır. Putin və onun rəsmiləri müharibənin başlanğıcında Rusiyanın nüvə arsenalına eyham vuraraq, NATO-ya münaqişəyə qarışmamaq barədə xəbərdarlıq ediblər.
"Bununla belə, biz kütləvi qırğın silahlarından istifadə etməyi planlaşdırdığına dair konkret sübut görməmişik”, - Koen bildirib.
Nizami Bağırov