Moskvanın Belarus müxalifəti ilə dialoqu ölkənin daxili işlərinə müdaxilə olardı.
Qaynarinfo xəbər verir ki, bu sözləri müzakirələrin ölkə daxilində getməsinin vacibliyindən danışan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu mövzuda hər hansı bir şərh vermək istəmirik. Belarusdaxili problemlərlə ölkə hakimiyyəti məşğul olmalıdır, bununla belə etirazçılarla dialoq aparılmalıdır”, - Kremlin sözçüsü vurğulayıb. O, Rusiyanın bu etirazlara heç bir şəkildə, xüsusən də indi - ən qaynar məqamda müdaxilə etməyəcəyinə inandığını bildirib.
Xatırladaq ki, Belarusun hazırkı lideri Aleksandr Lukaşenko seçkidə qalib elan edildikdən sonra, avqustun 9-da ölkədə kütləvi müxalifət etirazları başlayıb. MSK-nın məlumatına görə, Lukaşenko səslərin 80,1%-ni qazanıb.
Rəsmi məlumatlara görə, ilk günlərdə 6.7 mindən çox insan nəzarətə alınıb. Respublikanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, iğtişaşlar zamanı yüzlərlə insan xəsarət alıb, onlardan 120-dən çoxu asayiş keşikçisidir, üç etirazçı isə həlak olub.
Qeyd edək ki, hazırda Avropa Komissiyası Avropa Birliyi adından Belarus xalqına əlavə 53 milyon avro yardım ayırmağı planlaşdırır. Bunun 1 milyonu vətəndaş cəmiyyəti və müstəqil medianı dəstəkləməyə gedəcək, - Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Belarusda Aİ liderlərinin təcili sammitindən sonra deyib.
Alpər