Xəbər lenti

Pezeşkian ilə Putin arasındakı görüş nəyə hesablanıb? (ŞƏRH)
Dünya 13:22 11.10.2024

Pezeşkian ilə Putin arasındakı görüş nəyə hesablanıb? (ŞƏRH)

"Pezeşkian ilə Putin arasındakı görüş Qərb əleyhinə fəaliyyət koordinasiyasına hesablanmış görüş olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Rusiya prezidenti Vladimir Putinin Türkmənistan səfəri çərçivəsində iranlı həmkarı Məsud Pezeşkianla danışıqlarda Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklərini şərh edərkən deyib.

"İran da, Rusiya da bölgənin ən önəmli oyunçuları hesab olunur. Hazırda bölgədə vəziyyət gərgindir. Çünki İsrail və Livan arasında bir münaqişə var. Eyni zamanda Fələstində hərbi əməliyyatlar gedir. İran və Rusiya ortaq olaraq Suriyada mövcüddur. Bir çox məsələdə ortaq fikirləri olsa da, konseptual olaraq mövqeləri fərqlidir. Xüsusi ilə Cənubi Qafqazdakı son proseslər, eləcə də Zəngəzur məsələsində aralarında baxış fərqləri var. Ancaq hər ikisinin də eyni rəqibi var. Bu da ABŞ-dır. Onun bölgədə müttəfiqi isə İsraildir. Pezeşkian ilə Putinin görüşü Qərb əleyhinə fəaliyyət koordinasiyası üçündür", deyə Azər Hüseynov bildirib.
 


Ekspertə görə, Putinlə Pezeşkian görüşünün sonu olaraq İranla Rusiya arasında bir sıra məsələlər üzrə razılıq əldə oluna bilər:

"Hər nə qədər Rusiya Ərəb dünyasına yaxınlıq göstərmək istəsə də, onun daxilində yəhudi diasporu güclüdür. Putin bununla hesablaşmaya bilməz. Bununla belə, Rusiya öz xarici siyasətini də təbii ki, maraqlarına uyğun qurur. Bu görüş sadəcə fikir mübadiləsi və koordinasiya üçündür. Onun sonunda bir sıra məsələlərdə razılıq əldə edilə bilər ki, maraq dairələrində toqquşma azalsın. Ümumi olaraq isə Yaxın Şərqdə problem dərindir. Orada durumun dəyişməsi beynəlxalq güc tarazlığının dəyişməsinə bağlıdır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin cümə günü Türkmənistanda keçiriləcək forumda İran prezidenti Məsud Pezeşkianla görüşəcək.
Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, liderlər Aşqabadda türkmən şairinə həsr edilən tədbir çərçivəsində görüşəcəklər:

"Bu görüş həm ikitərəfli məsələlərin müzakirəsi, həm də təbii ki, Yaxın Şərqdə kəskin şəkildə gərginləşmiş vəziyyətin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->