Xəbər lenti

Pilotsuz qayıqlar dənizdə müharibə taktikasını dəyişdirir: Onlar böyük gəmiləri əvəz edəcək?
Dünya 19:19 28.07.2026

Pilotsuz qayıqlar dənizdə müharibə taktikasını dəyişdirir: Onlar böyük gəmiləri əvəz edəcək?

Pilotsuz suüstü katerlər müasir dəniz müharibəsi ilə bağlı təsəvvürləri dəyişdirir. Artıq onlar iri hərbi gəmilərin yerinə yetirdiyi bir çox funksiyanı öz üzərinə götürməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, "Forbes” nəşrinin yazdığına görə, son illərdə, xüsusilə Qara dənizdə baş verən döyüşlər kiçik pilotsuz katerlərin yüksək effektivliyini nümayiş etdirib. Bu platformalar bahalı hərbi gəmilərə zərbələr endirə, kəşfiyyat aparmaq, akvatoriyanı patrul etmək, digər qüvvələri müşayiət etmək, pilotsuz uçuş aparatları və raketlər üçün buraxılış platforması kimi fəaliyyət göstərmək, həmçinin radioelektron mübarizə, o cümlədən siqnalların boğulması və saxtalaşdırılması kimi tapşırıqları yerinə yetirə bilir.

Bununla yanaşı, onların istehsal dəyəri ənənəvi döyüş gəmiləri ilə müqayisədə dəfələrlə aşağıdır və belə vasitələrin itirilməsi ekipaj üçün təhlükə yaratmır.

"Pilotsuz suüstü platformaların əsas üstünlüyü ondan ibarətdir ki, texnologiyalar inkişaf etdikcə onları sürətlə yeniləmək, təkmilləşdirmək və geniş miqyasda tətbiq etmək mümkündür. Bu isə böyük hərbi donanmalar üçün eyni sürətlə həyata keçirilə bilməz”, deyə pilotsuz suüstü vasitələr istehsal edən "MARTAC” şirkətinin baş texniki direktoru Cim Harvi bildirib.

Nəşr qeyd edir ki, ABŞ və NATO ölkələrinin keçirdiyi son hərbi təlimlər dəniz döyüşlərinin yeni mərhələyə keçdiyini göstərib. Bu şəraitdə iri hərbi gəmilərin əvvəlki üstünlüyü zəifləyir. Kiçik avtonom platformalar artıq mini aviadaşıyıcı və mobil sualtı baza kimi də effektiv istifadə olunur.

Mütəxəssislərin fikrincə, hazırda dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələri pilotsuz katerlərdən ənənəvi idarə olunan hərbi gəmilərlə birlikdə istifadə edir.

Analitiklər hesab edirlər ki, yaxın illərdə donanmalar iri hərbi gəmilərdən tamamilə imtina etməyəcək. Bununla belə, dəniz əməliyyatlarının yeni konsepsiyası formalaşır və bu modeldə pilotsuz katerlər klassik hərbi dəniz qüvvələrinin imkanlarını artıran mühüm elementə çevriləcək.

Məqalədə vurğulanır ki, texnologiyanın sürətli inkişafı artıq hibrid donanma konsepsiyasını belə qabaqlayır. Çünki iri gəmilərin bir çox funksiyası insan həyatı üçün minimum risklə pilotsuz platformalara ötürülə bilir, müşahidə və atəş imkanları isə əhəmiyyətli dərəcədə genişlənir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->