Xəbər lenti

Planeti xaosa sürükləyə bilər: Alimlər İtaliyadakı supervulkanla bağlı xəbərdarlıq edir
Dünya 21:50 02.06.2025

Planeti xaosa sürükləyə bilər: Alimlər İtaliyadakı supervulkanla bağlı xəbərdarlıq edir

İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Fleqrey düzənlikləri adlı böyük vulkan bölgəsində son günlər müşahidə edilən karbon qazı emissiyalarının artması alimləri ciddi narahat edir. 

Qaynarinfo xəbər verir ki, "Farmingdale Observer" nəşrinin yazdığına görə, bu bölgədə yerləşən supervulkanın aktivləşməsi təkcə İtaliya üçün deyil, bütün dünya üçün fəlakətli nəticələr doğura bilər.

Hazırda Sölfatara kraterindən gündəlik karbon qazı emissiyaları 4000-5000 ton arasındadır. Bu artım, vulkanik fəallığın güclənməsinə dair təhlükəli bir siqnal hesab olunur.

Alimlər müəyyən ediblər ki, bu qazların təxminən 80 faizi birbaşa yerin altındakı maqmadan qaynaqlanır. Qalan emissiyalar isə isti yeraltı suların kalsitlə zəngin süxurlarla reaksiyası nəticəsində baş verir. Bu qaz emissiyaları, torpaq səthində baş verən deformasiya və yeraltı təkanlarla birlikdə, mümkün püskürmə riskini qiymətləndirmək üçün əsas göstəricilər sayılır.

Mütəxəssislər vurğulayırlar ki, Fleqrey supervulkanı adi vulkanlarla müqayisədə qat-qat güclü püskürmə gücünə malikdir. Təxminən 40 min il əvvəl bu bölgədə baş vermiş dağıdıcı püskürmə nəticəsində atmosferə nəhəng miqdarda kül və qaz atılıb və bu, Yer kürəsinin iqlimində ciddi dəyişikliklərə səbəb olub.

Alimlərin proqnozuna görə, bu cür püskürmə bu gün baş versə, təsiri təkcə İtaliya ilə məhdudlaşmayacaq. Vulkanik kül buludları Avropanın böyük hissəsini bürüyə, aviasiya, kənd təsərrüfatı və enerji istehsalında ciddi pozuntular yarada bilər.

Bundan əlavə, atmosferə yayılan vulkan qazlarının qlobal iqlim pozuntularını tetikləmesi və illərlə davam edəcək temperatur enişlərinə səbəb olması mümkündür. Bu da qlobal ərzaq istehsalına və hava şəraitinə mənfi təsir edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, Fleqrey düzənliklərinin daimi monitorinqi vacibdir. Çünki müasir texnologiyaların imkanlarına baxmayaraq, bu cür güclü püskürmələrə səbəb ola biləcək təhlükəni vaxtında aşkar etmək hələ də çox çətindir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->