Fransada ictimai qaydalara riayət etməyən 17 yaşlı yeniyetmənin polis tərəfindən açılan atəş nəticəsində öldürülməsi yenidən bu ölkədə iğtişaşlara rəvac verib. Ölkənin müxtəlif şəhərlərində polislə nümayişçilər arasında ciddi qarşıdurmalarla müşayiət olunan hadisələr baş verib. Etirazçılar nümayişlərin gedişində bir çox şəxsi mülkiyətə də ziyan vurublar.
Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev bildirib ki, Fransada baş verən küçə iğtişaşların arxasında dayanan başlıca səbəblərdən biri Makronun yürütdüyü siyasətlə bağlıdır."Zaman-zaman onun yürütdüyü siyasət ölkədə ciddi sosial etirazlara gətirib çıxarıb. Hətta bu etirazlar daha kəskin formalarda özünü göstərib. Makron xarici siyasətdə olduğu kimi, daxili siyasətdə də özünün aparıcı rol oynadığını nümayiş etdirməyə çalışır. Fikrimcə, Makronun bu siyasəti hansısa mərhələdə onun başına oyun açacaq. O, bəzən həddən artıq liberallıq nümayiş etdirir, bəzən də həddən artıq konservativ qərarlar qəbul edir. Bu ziqzaqlar nəticəsində ölkədə baş verən demoqrafik dəyişikliklər daxildə ciddi fəsadlar törədir. İndi bu fəsadların növbəti mərhələsinin şahidiyik. Gərginliyi nəinki təkcə digər millətlərdən olan cəmiyyətə uyğunlaşmamış qruplar yaradır, artıq sırf frasızlar da özlərini diskomfort hiss edərək bir sıra hallarda qanunsiz addımlara əl atırlar”,- deyə A. Əliyev vurğulayıb.
Həmsöhbətimiz Aİ-nin Fransadakı proseslərə müdaxilə edəcəyini düşünmür:
"Qərbdə Fransanın yaranmış vəziyyətlə bağlı qarşısına şərt qoya biləcək bir qüvvə yoxdur. Dövlət olaraq Avropa məkanında Fransanın mövqeyi xeyli yüksəkdir. Digər tərəfdən, anoloji problemlər Almaniyanı istisna etməklə digər Avropa ölkələrinə də xasdır. Ona görə də Avropa İttifaqı Fransadakı proseslərə müdaxilə etməyəcək. Hansısa fikirlər bildirilir, amma bilavasitə struktur olaraq Avropadan prosesə müdaxilə cəhdini gözləmirəm”.
Ekspertə görə, Fransa polisinin baş verən prosesdə nümayiş etdirdiyi hərəkət təhdidlərin artması ilə bağlıdır:
"Ayrı-ayrı epizodlarda Fransa polisinin öz səlahiyyətini aşması və yaxud qeyri-adekvat kobudluq göstərməsi faktdır. Ümumiyyətlə, son 10 ildə demokratik, istərsə də digər ölkələrdə polisin davranışında qeyri-adekvat elementlər çoxdur. Fransa polisinin özü 5 il bundan əvvəl indiki reaksiyanı göstərmirdi. Bu da onu göstərir ki, real təhdidlər də artıb və onun qarşısını almaqda dövlətin müvafiq strukturları aciz qalıb. Artıq baş verənləri qrimlə gizlətmək mümkün deyil”.
Rüfət Sultan