Polşa müharibənin baş verməyəcəyinə ümid etsə də, Rusiya ilə mümkün silahlı münaqişəyə hazırlaşır. Polşanın milli müdafiə nazirinin müavini Sezari Tomçik bildirib ki, Kremlin genişmiqyaslı təxribatı yaxın aylarda baş verə bilər.
Qaynarinfo xəbər verir ki, Polşa rəsmisi bunu polityka.pl saytına dərc olunmuş müsahibəsində bildirib. Onun sözlərinə görə, Varşava artıq potensial ssenariləri yalnız "real" və ya "qeyri-real" hesab edə bilməz, onları ehtimal səviyyəsinə görə qiymətləndirir: "Biz müharibəyə hazırlaşırıq və ümid edirik ki, bu, heç vaxt baş verməyəcək".
Varşava müdafiəni gücləndirir
Polşanın Vaşinqtondakı səfirliyi ölkənin sürətləndirilmiş hazırlığının müharibənin qaçılmaz hesab edildiyi anlamına gəlmədiyini bildirib. Məqsəd mümkün Rusiya təcavüzünün qarşısını almaqdır.
Polşa müdafiəyə ÜDM-in təxminən 5 faizini xərcləyir və silahlı qüvvələrini gücləndirməkdə davam edir. Varşava Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra müdafiə qabiliyyətinin artırılmasını milli təhlükəsizliyin əsas istiqamətlərindən biri hesab edir.
Ölkə həmçinin kritik infrastruktur və enerji obyektlərinə mümkün hücumlara hazırlaşır.
NATO-da Alyansın birliyinin sınağa çəkilməsindən ehtiyat edirlər
ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı və NATO-nun Müttəfiq Qüvvələrinin keçmiş ali baş komandanı Filip Bridlav Rusiyanın Alyansın reaksiyası ilə bağlı qeyri-müəyyənlik yaradacaq təxribata cəhd göstərə biləcəyini bildirib.
Onun fikrincə, Moskva ayrı-ayrı NATO ölkələrinin təhlükəyə necə reaksiya verəcəyini yoxlamağa və bununla da müttəfiqlər arasında fikir ayrılıqlarını dərinləşdirməyə çalışa bilər.
Şimali Atlantika müqaviləsinin 4-cü maddəsi müttəfiqlərə təhlükəsizlik və ya ərazi bütövlüyünün təhdid altında olduğunu hesab etdikdə məsləhətləşmələr tələb etmək hüququ verir. 5-ci maddə isə silahlı hücum halında kollektiv müdafiə prinsipini nəzərdə tutur.
Rusiya ilə gərginlik artır
Polşanın xəbərdarlıqları Moskvanın Qərb ölkələri ilə münasibətlərinin gərginləşdiyi və Rusiyanın mümkün hibrid fəaliyyətləri ilə bağlı məlumatların yayıldığı bir vaxta təsadüf edir.
Avqust ayında Polşanın baş naziri Donald Tusk Varşavanın Rusiya tərəfindən yaranan təhdidlər fonunda müxtəlif ssenarilərə hazırlaşdığını bildirib.
Polşa hakimiyyəti daha əvvəl də Varşavada Ukrayna əsilli ABŞ vətəndaşının öldürülməsinə yönəlmiş ehtimal olunan Rusiya planının qarşısının alındığını açıqlamışdı.
Aydın
Şərhlər