Polşa Rusiyaya hər hansı təhlükəsizlik zəmanətinin verilməsini dəstəkləmir.
Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Pavel Yablonski
deyib.
Yablonski Avropa İttifaqı Şurasının (Aİ) xarici işlər nazirləri səviyyəsində iclasına gələrkən jurnalistlərlə söhbətində bu mövzunu qaldırıb. O hesab edir ki, "Rusiyaya deyil, Avropaya Rusiyadan təhlükəsizlik zəmanəti lazımdır”.
"Ukraynanın guya ərazisinin bir hissəsindən imtina etməli olduğu və ya Rusiyanın hər kəsdən təhlükəsizlik zəmanəti gözləmək hüququna malik olması ilə bağlı arqumentlərə qapılmağa imkan verməmək son dərəcə vacibdir. Bu tipli müzakirələr strateji səhvdir”, - nazir müavini əminliyini ifadə edib.
Qeyd edək ki, dekabrın əvvəlində Fransa prezidenti Makron bildirmişdi ki, Ukraynada münaqişə başa çatdıqdan sonra Avropa Rusiya üçün zəmanətlərin verilməsini nəzərdə tutan yenilənmiş təhlükəsizlik arxitekturasını qurmalı olacaq. Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bu müzakirəyə tələsməməyə çağırıb və izah edib ki, ilk növbədə Ukrayna bu cür zəmanətləri almalıdır. Kreml hələlik Aİ-də Ukraynadakı münaqişənin diplomatik yolla həlli lehinə dəyişiklik görmür.
Nizami Bağırov