Polşanın Xarici İşlər Nazirliyi slovakiyalı deputat Andreya Dankonun, guya Polşanın slovakiyalı nümayəndə heyətinin Moskvaya uçuşu zamanı hava məkanını bağladığı barədə bəyanatını rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın XİN nümayəndəsi Pavel Vronski "Polskie Radio"ya verdiyi
açıqlamada bildirib.
Vronski qeyd edib ki, Polşa 12 yanvar, bazar günü Moskvaya səfər edən slovakiyalı nümayəndə heyətinə öz ərazisi üzərindən uçuş imkanını bağlmayıb.
"Biz slovak tərəfinə uçuşa icazə verməkdən imtina etməmişik, sadəcə olaraq, onlar bizə natamam sənədlər göndəriblər və izahat əlavə etməyiblər. Məsələyə baxış zamanı sənədləri tamamlamaq tələb olunanda isə onlar bizə marşrutu dəyişdiklərini bildirdilər", – deyə Polşanın XİN nümayəndəsi izah edib.
Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamışa bu vəziyyətlə bağlı polşa-slovak münasibətləri barədə sual ünvanlanıb. O, Polşa və Slovakiya arasında münasibətlərin yaxşı olduğunu bildirib.
"Uçuş istiqamətinə gəlincə, mən Moskvaya yox, Varşavaya uçmağı tövsiyə edirəm", – deyə Kosinyak-Kamış qeyd edib.
12 yanvarda Slovakiya milli partiyasının lideri və parlament sədrinin müavini Andreya Dankonun başçılıq etdiyi ultrasağçı deputatlar qrupu Rusiyaya çox günlük səfərə yollanıb. Onlar səfər çərçivəsində, xüsusilə, Ukrayna üzərindən qaz tranzitinin mümkün olmamasından sonra Rusiya qazının tədarükünün davam etdirilməsi barədə müzakirələr aparmağı planlaşdırır.
Rusiyaya səfərini anons edən Danko Rusiya Dövlət Dumasında çıxış etmək imkanını "şərəf" hesab edəcəyini bildirib.
Ukraynanın səfirliyi slovakiyalı deputatların bu planlarından narazılığını ifadə edərək, belə addımların Rusiyanın Ukraynaya qarşı təcavüzünü legitimləşdirdiyini qeyd edib.
Slovakiyalı deputatların bu səfəri Slovakiyanın Baş naziri Robert Fitsonun Moskvaya etdiyi və orada təcavüzkar dövlətin rəhbəri Vladimir Putinlə görüşdüyü mübahisəli səfərin davamı olaraq baş tutur.
Alpər
Şərhlər