Xəbər lenti

Polşa “taxıl dəhlizi”nə niyə imkan vermir?  (ŞƏRH)
Dünya 18:48 20.07.2023

Polşa “taxıl dəhlizi”nə niyə imkan vermir?  (ŞƏRH)

Polşanın baş naziri Mateuş Moraveski çərşənbə günü bildirib ki, Avropa Komissiyasının Ukrayna taxıl idxalına qoyduğu moratorium başa çatarsa, Varşava sentyabrın 15-dən sonra taxıl məhsulları üçün Ukrayna ilə sərhədini açmayacaq. Mətbuatın yazdığına görə, Polşanın baş naziri xatırladıb ki, Avropa Komissiyasının  qərarına əsasən, sentyabrın 15-də, yəni iki aydan az müddətdə Ukrayna ilə sərhədi taxıl idxalı üçün açmalıdır. 

"Bildirmək istəyirəm ki, biz sərhədi açmayacağıq. Ya Avropa Komissiyası bu  qadağanı uzadan reqlamenti müəyyənləşdirməyə razılaşacaq, bu qadağanın müddətini uzadacaq, ya da bunu özümüz edəcəyik",- deyə Moraveski vurğulayıb.

Baş nazirin fikrincə, Varşava bu addımı "ukraynalılara qarşı deyil, polşalı fermerlər üçün” atır.
 
"Polşalılar tranzitlə pul qazanırlar, bu, daxili bazarı pozmaq təhlükəsi yaratmır, ona görə də biz bu ixracı asanlaşdırırıq və tranziti mümkün edirik", - o əlavə edib və sərhədin bağlanmasının digər kənd təsərrüfatı məhsullarına da şamil ediləcəyini qeyd edib. 

Qeyd edək ki, çərşənbə günü səhər Avropa Birliyinin beş üzvü - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya Aİ-dən Ukrayna taxılının idxalına qoyulan qadağanı sentyabrın 15-dən sonra da uzatmağı xahiş ediblər. Hələ bu ilin aprelində Aİ yuxarıda adı çəkilən  ölklərin tələbilə Ukrayna taxılının sözügedən məkanda idxalına müəyyən məhdudiyyətlər qoyub. Həmin ölkələr indi də anoloji məhdudiyyətlərin davam etdirilməsini  istəyir. Polşa başda olmaqla adı çəkilən ölkə  hökumətlərinin bu tələbləri müəyyən qədər başa düşüləndir. Belə ki, qadağaya qədər Ukrayna taxılının Aİ  məkanında idxalına yandırılan yaşıl işıq istər-istəməz Şərqi Avropa ölkələri fermerlərinin maraqlarına cavab  verməyib. Onlar bu fonda bildirdikləri kimi, öz  məhsullarını satmaqda çətinliklərlə üzləşirdilər. Belə vəziyyətdə Polşa, Bolqarıstan, Slovakiya, Rumıniya, Macarıstan hökumətlərinin Ukraynanın ağır durumuna rəğmən ilk növbədə sözsüz ki, öz ölkələri və əhalisinin  maraqlarından çıxış edəcəkləri də gözlənilən idi. Bunu  xüsusən də indiki halda, Palşaya aid etmək olar. Çünki  gələn il Polşada parlament seçkiləridir. Belə vəziyyətdə  hakimiyyəti qoruyub saxlamaq iddiasında olan Moravetski hökumətini də ilk növbədə məhz seçicilərin rəğbətini qazanmaq məsələsi düşündürür. Belə ki,  mövcud situasiyada Brüsselin istəyinə uyğun addım atmaq Moravetski hökuməti üçün seçkidən sonra hakimiyyətin itirilməsilə nəticələnə bilər. Məhz bundan  özünü sığortalamaq və növbəti dövrdə də iqtidarda qalmaq üçün Moravetski bütün vasitələrdən istifadə edərək çalışır ki, Ukrayna taxıl idxalına qoyulan moratoriumun müddəti uzadılsın. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->