Xəbər lenti

Polşa vətəndaşlarını Rusiya ilə müharibəyə hazırlamağa başladı
Dünya 13:54 27.06.2024

Polşa vətəndaşlarını Rusiya ilə müharibəyə hazırlamağa başladı

Polşa Silahlı Qüvvələri mülki vətəndaşları Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlamaq üçün "Ordu ilə tətil” proqramını işə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press yazır.

Agentliyin məlumatına görə, proqramın əsas məqsədi hazırda 198 minə yaxın hərbçisi olan Polşa ordusuna ehtiyatın yaradılmasıdır. 

"Tətillər” yayda bütün Polşada 70 yerdə, o cümlədən Rusiya və Belarus sərhədi yaxınlığında keçirilir. Proqramda iştirak etmək üçün 18-35 yaş arası şəxslər qeydiyyatdan keçə bilər. Təlim məzuniyyətsiz 28 gün davam edir və 6 min zlotı (1,5 min dollar) məbləğində ödənilir. Belə bir kursdan sonra çağırışçı ehtiyata gedə və ya ərazi müdafiə bölməlrində xidmətini davam etdirə bilər.

"Ordu mümkün qədər çox vətəndaş yetişdirmək istəyir. Şərqdən gələn təhlükəni hamı bilir”, - polkovnik Pavel Qalazka bildirib.

Bundan əvvəl "Financial Times” avropalı NATO ölkələrində hərbçi çatışmazlıqları barədə məlumat verib. Hərbi analitiklərin fikrincə, Rusiya ilə müharibə olacağı təqdirdə, onların "kağız üzərində" cəmi 1,9 milyon hərbi qulluqçu olsa da, ən çoxu 300 min insanı cəbhəyə göndərə biləcəklər. 

Canlı qüvvə problemi ən çox Almaniya (təxminən 20 min hərbçi çatmır), Böyük Britaniya (son on ildə silahlı qüvvələr öz gücünün 19%-ni itirib), Fransa (eyni dövr ərzində silahlı qüvvələrin sayı 8% azalıb) və İtaliya (təxminən 40 min nəfər itirib).

NATO baş katibinin keçmiş köməkçisi və Avropa Şurasının xarici əlaqələr üzrə eksperti Kamilla Qrand qeyd edib ki, Avropa ölkələri hərbi kontingentlərin sayını azaldır, çünki indiyədək kütləvi şəkildə hər hansı bir yerə əsgər göndərmək barədə söhbət olmayıb. O, vurğulayıb ki, Avropa ölkələri öz ordularının sıralarını artırmağa diqqət yetirməlidirlər, çünki bu məsələdə ABŞ-ın dəstəyinə zəmanət verilmir.

Keçmiş hərbçi və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) baş elmi işçisi Ben Barri deyir ki, hazırda Avropa ölkələri hərbi büdcələrin artırılmasına diqqət yetirir, lakin çox az ölkə daha çox vətəndaşı hərbi xidmətə çağırmağı qarşısına məqsəd qoyub.

Bundan əvvəl NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer alyansa üzv ölkələri Rusiya ilə yaxın 20 ildə başlaya biləcək genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayarsa, çoxlu sayda vətəndaşı səfərbər etmək lazım gələcək. Bunun üçün Bauer qeyd edib ki, hökumətlər bu prosesi idarə etmək üçün sistemlər yaratmalı və insanlar da "onların müəyyən rolu olduğunu” başa düşməlidirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->