Dünya 14:23 28.03.2024

Polşada “Avrokorpus”un komandanı casus qalmaqalına görə vəzifədən çıxarıldı

Polşa hərbi əks-kəşfiyyat xidməti "Avrokorpus”un komandanı general Yaroslav Qromadzinskini yoxlamağa başlayıb. O, artıq tutduğu vəzifədən azad edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb https://www.gov.pl/web/obrona-narodowa/komunikat-mon14 .
Polşa Müdafiə Nazirliyinin izah etdiyi kimi, qərar zabitlə bağlı yeni məlumatların daxil olması ilə əlaqədar qəbul edilib. Xüsusilə, söhbət məxfi məlumatların qorunmasından gedir.

"General-leytenant Qromadzinski "Avrokorpus”un komandanı vəzifəsindən azad edilməsi və dərhal ölkəyə qayıtması barədə qərar qəbul edilib”, - məlumatda deyilir.

General Qromadzinski son aylarda Visbadendə Ukraynaya Beynəlxalq Yardım Qrupunda xidmət edib. ABŞ hərbçiləri ilə birlikdə o, Ukrayna ordusunun təliminə cavabdeh olub.

Müdafiə Nazirliyi "Avrokorpus”un komandiri vəzifəsinə dərhal digər bir zabitin təyin olunacağını qeyd edib. Bu, müvafiq bölmələrin komandanlığının fəaliyyətinin davamlılığını təmin edəcək.

Qromadzinski vəzifəyə keçməzdən əvvəl tam təhlükəsizlik yoxlaması prosedurundan keçib. Bundan sonra o, Polşa və NATO-da ən yüksək məxfilik səviyyəsi haqqında məlumat əldə edib. Qeyd olunur ki, əvvəllər Alyansın rəhbər orqanlarının ondan heç bir narazılığı olmayıb.

Qeyd edək ki, "Avrokorpus” Strasburqda yerləşən çoxmillətli çevik reaksiya komandanlığıdır. Çoxmillətli komandanlığa tabe olan qüvvələr Avropa İttifaqı, NATO və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həyata keçirilən əməliyyatlarda, o cümlədən humanitar və xilasetmə missiyalarında, həmçinin sülhməramlı missiyalarda istifadə oluna bilər.

Nizami Bağırov