Avqustun 3-də Polşanın baş naziri Mateuş Moravetski təcili olaraq Litva prezidenti Gitanas Nauseda ilə görüşərək, bir sıra məsələlərlə yanaşı, Belarus və Rusiyanın təxribatlarını müzakirə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqəti”nin məlumatında
deyilir.
Litva Prezidenti Polşanın Baş naziri ilə Baltikyanı ölkələrin ərazisini Polşa və digər NATO ölkələri ilə birləşdirən, həmçinin Rusiyanın Kalininqrad vilayətini Belarusdan və digər bölgələri ayıran Suvalski dəhlizinin yaxınlığında baş tutan görüşü məhsuldar adlandırıb.
Nausedanın sözlərinə görə, görüş zamanı Polşa və Litva sərhədlərində təhlükəsizlik vəziyyəti müzakirə olunub.
RMF 24 Polşanın baş nazirinə istinadən xəbər verir ki, Moravetski bir gün əvvəl videomüraciətində "Polşa və Litva arasında əməkdaşlıq təhdidlər və təxribatlar qarşısında vacibdir" deyib.
O vurğulayıb ki, Polşa Belarus və Rusiya xüsusi xidmət orqanlarının təxribat və hibrid hücumları təhlükəsi altında qalır.
"Məhz NATO-nun şərq cinahında gərginliyi artırmaq üçün Vaqner qrupunun muzdluları Belarusa gətirilib. Belə təxribatlar daha çox olacaq və onlar Polşada və digər NATO ölkələrində, xüsusən də bizim regionda çaşqınlıq yaratmağa hesablanacaq. Buna görə də sabah Litva prezidenti Gitanas Nauseda ilə Suval dəhlizində təcili görüş keçirəcəyəm”, - Moravetski deyib.
Qeyd edək ki, ötən gün Polşanın baş naziri 100 vaqnerçinin "Suvalski dəhlizi” deyilən yerə köçürüldüyünü rəsmən elan edib.
İyulun sonunda Aleksandr Lukaşenko bildirib ki, Polşaya qarşı kampaniyaya eyham vuran "vaqnerçilər” onu sıxmağa başlayıb”.
Daha sonra Lukaşenko etiraf edib ki, o, "Vaqner” qrupunun muzdlularının Polşaya hücum etmək istəyi barədə yalan danışıb.
Alpər