Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, yaxın vaxtlarda Avropa İttifaqının 40 nəfərdən ibarət monitorinq missiyası Ermənistana gələcək. O, həmçinin bəzi ekspertlərin fikirlərini səsləndirərək əlavə edib ki, müşahidə missiyasının müddəti uzadılmalı, hətta daimi olmalıdır. Hökumət başçısı lazım gələrsə, bu məsələnin daha dərindən araşdırılacağını istisna etməyib.
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki missiyasının gəlməsi qərarı oktyabrın 4-də Pqarada baş tutan dördtərəfli görüşdə razılaşdırılıb. Amma həmin vaxt missiyanın müddətinin cəmi 2 ay olacağı qeyd edilirdi. Lakin görünür, Paşinyan onların müddətinin uzadılmasında, hətta daimi olmasında maraqlıdır.
Əslində, aydın məsələdir ki, Aİ özü də əraziyə heç də qısa müddət üçün gəlmir. Onların bu gəlişinin uzun müddətli olacağı əvvəlcədən də istisna edilmirdi. Bu mənada, Paşinyanın açıqlaması göstərir ki, indi razılaşdıqları iki aylıq müddət bitən ərəfədə Aİ missiyasının müddəti birmənalı şəkildə uzadılacaq. Bu isə o deməkdir ki, Aİ bölgəyə daha uzun müddətə gəlir. Həmin əsasda da tədricən missiya üzvlərinin sayı daha da artırılacaq.
Politoloq Zərdüşt Əlizadə də Qaynarinfo-ya açıqlamasında Aİ-nin mülki missiyasının fəaliyyət müddətinin uzadıla biləcəyini istisna etməyib:
"Bu asılıdır Ermənistan hakimiyyəti və Avropa İttifaqı rəhbərliyinin istəyindən. Məsələnin ölkəmizə dəxli yoxdur. Müşahidəçilər heyəti Ermənistan ərazisinə gəlib. Burada da suveren qərar sahibi Ermənistan, onun parlamenti və baş naziridir. Odur ki, Aİ mülki missiyasının müddətinin uzadılması istisna deyil. Onların qalması müəyyən xərc tələb edir. Bu xərci də Aİ çəkir.
Qurum bu addımla hər iki tərəfi qarşılıqlı mənafeyi nəzərə almaqla sülh sazişi imzalamağa həvəsləndirir. Bölgədə müəyyən zaman həddi var - 2025-ci il. Həmin ildə rus sülhməramlıları geri dönməlidir. Amma razılıq əldə olunmasa, rus sülhməramlıları da qalacaq. Bir çox məsələlər Ukraynadakı müharibənin müqəddəratından asılıdır”.
Rüfət Sultan