Dünya 16:10 28.05.2023

Prezident Rusiyaya mümkün silah satışını araşdırmaq üçün komissiya yaratdı

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa ölkədən Rusiyaya silah ixracı ilə bağlı xəbərləri araşdırmaq üçün komissiya yaradıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Afrika prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mayın əvvəlində Amerikanın bu ölkədəki səfiri bildirmişdi ki, ötən ilin dekabrında Qərbi Keyp əyalətindəki Simonstovn hərbi-dəniz bazasının limanına yanaşan Rusiya gəmisi Cənubi Afrikadan silah götürüb. Ölkə hakimiyyəti silah satışını inkar edir, lakin indi gəminin yanalma şəraitini yoxlamaq qərarına gəlib.

"Hökumət bu təhqiqatın köməyi ilə gəminin yanaşmasına və ehtimal olunan yükün yüklənməsinə, həmçinin "Lady R” yük gəmisinin 6-9 dekabr tarixlərində Simonstovndan yola düşməsinə səbəb olan halları müəyyən etməyə çalışır", deyə məlumatda qeyd edilir.

Ruslara silah satışı ittihamları ABŞ və CAR arasında diplomatik qalmaqala səbəb olub, eyni zamanda Afrika ölkəsinin Ukrayna-Rusiya müharibəsində elan etdiyi neytrallığını şübhə altına alıb.

CAR prezidenti tərəfindən təyin olunan komissiya yük gəmisinin gəlişi və yükün xarakteri haqqında məlumatlı olan şəxsləri müəyyən etməlidir. Həmçinin komissiya "yük gəmisinin gəlişi ilə bağlı konstitusiyaya, hüquqi və ya digər öhdəliklərə əməl edilib-edilmədiyini” yoxlamalıdır.

Qeyd edək ki, CAR prezidenti Siril Ramafosanın sözlərinə görə, ölkəsi tərəfsizliyə görə cəza ilə hədələnsə belə, Ukrayna və Rusiya arasında "münaqişə”də iştirakdan yayınmağa çalışır. O, əmin edir ki, ölkəsi "müstəqil xarici siyasət” yürütdüyünə görə sanksiyalarla hədələnir.

Aydın