Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib.
Eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib.
Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı dövlət başçısı Aleksandar Vuçiç lider olub.
"Report” xəbər verir ki, bunu seçkilərdə keçirilən nəticələri göstərir.
"Ipsos” Araşdırma Mərkəzi və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) birgə keçirdiyi "exit-poll”un nəticələrinə görə, hazırkı dövlət başçısı rəqiblərini üstələyib.
"Exit-poll”un nəticələrinə görə, Vuçiçin lideri olduğu hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi "Birlikdə hər şeyi edə bilərik” koalisiyası 43,6% səs toplayıb. Siyahıda ikinci yerdə Marinika Tepiçin rəhbərlik etdiyi "Serbiyanın Qələbəsi Naminə Birlik” koalisiyası 12,9% qərarlaşıb. Üçüncü yerdə İvitsa Daçiçin sədri olduğu Serbiya Sosialist Partiyası rəhbərlik etdiyi koalisiya 11,6% mövqe tutub.
Qalan partiyalar 3 %-lik baryeri aşa bilməyib.
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, eyni zamanda ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib.
"Əminəm ki, qarşıda çoxsaylı çağırışlarımız var, lakin Serbiya üçün ən vacibi regionda (qonşu ölkələrlə - red) yaxşı münasibətlərə malik olmaq, digər tərəfdən Avropa yolunu davam etdirmək, eyni zamanda ənənəvi dostlar ilə əlaqələrini pozmamaqdır”, - Serbiya Prezidenti bildirib.
Dünən keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazandığını bildirən Serbiya Prezidenti ölkəsinin heç bir hərbi bloka qoşulmayacağını və hərbi neytrallığı davam etdirəcəyini bildirib.
"Avropalılar, rusiyalılar və amerikalılar üçün vacib olan odur ki, biz böyük dəstək almış hərbi neytrallıq siyasətini davam etdirəcəyik”, - Vuçiç prezident seçkilərində qələbədən sonra keçirdiyi mətbuat konfransında deyib (Report).