
"Azərbaycan Prezidenti yanında mətbuat xidməti və mətbuat katibi varkən, Azərbaycan mətbuatı və siyasi ekspertləri gözlərini və qulaqlarını niyə işğalçı dövlətin mətbuatına dikməlidir?"
Qaynarinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Elxan Şahinoğlu sual edir ki, niyə Vyana danışıqlarının gedişatı və nəticəsi haqqında ilk açıqlama Ermənistan mətbuat katibindən gəlməlidir?: "O dezinformasiya yayırsa, Azərbaycan tərəfinin işi həmin dezinformasiyanı təkzib etməkmi olmalıdır, yoxsa işğalçını qabaqlayaraq Azərbaycana və beynəlxalq aləmə doğru olanı çatdırmalıdır? Ermənistan prezidenti Vyanaya özü ilə 7-8 jurnalist aparıb və Vyana danışıqlarından geri dönərkən onlara açıqlama verib, suallarını cavablandırıb. Vaxt var idi, mərhum prezident Heydər Əliyev də xarici səfərlərə təyyarəsində jurnalistləri aparardı. Mərhum dövlət başçısı jurnalistlərə həm səfərdə olduğu ölkədə, həm də geri dönərkən hava limanında açıqlama verər və çoxsaylı suallarını cavablandırardı. Bununla birincisi, Azərbaycan cəmiyyəti ilk dildən məlumatlandırılar, ikincisi lazımsız şayiələrin qarşısı alınar, nəhayət işğalçı dövlətin dezinformasiyasına imkan verilməzdi.
İlham Əliyev prezidentliyinin ilk illərində xarici səfərlərə jurnalistləri götürərdi. Sonradan bütün dünyada qəbul olunan bu texnologiyadan imtina edildi".
Politoloqun fikrincə, Azərbaycan prezidentinin bu kimi səfərlərə 6-7 jurnalistin getməsi ümumi işin xeyrinədir: "Türkiyə rəsmiləri xarici ölkələrə səfərlərdə hətta məşhur köşə yazarlarını da özləri ilə götürürlər. Unutmayaq ki, informasiya savaşında ilk xəbər önəm daşıyır, çünki xəbər ildırım sürəti ilə yayılır, çoxları ilkin xəbərə istinad edir, dezinformasiyanın təkzibi isə həm qiymətli vaxt itkisidir, həm də qarşındakından geri qalmağın əlamətidir".
Qaynarinfo.az