"Bilirəm ki, gəncləri maraqlandıran, narahat edən məsələlər mənzil problemidir"
Prezident İlham Əliyev Lənkəranda Gənclər mərkəzinin açılışında iştirak edib.
Qaynar.info xəbər verir ki, dövlət başçısı yeni mərkəzdə cənub bölgəsinin ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüb.
Azərbaycan Prezidenti görüşdə çıxış edərək Lənkəran gənclərini və bütün Azərbaycan gənclərini mərkəzin açılışı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır: "Müxtəlif layihələr, proqramlar icra edilir. Mən xüsusilə Azərbaycan Gəncliyi Dövlət Proqramını qeyd etmək istərdim. Bu proqram qəbul olunarkən cəmiyyətdə, xüsusilə gənclər arasında geniş müzakirələr aparılmışdı. Gənclər tərəfindən irəli sürülmüş təkliflərin bir çoxu bu proqrama daxil edilmişdir. Proqram konkretdir, orada konkret məsələlər öz əksini tapmışdır və uğurla icra edilir".
Prezident çıxışında gənclərin məişət problemlərinə də toxunub.
"Bilirəm ki, gəncləri maraqlandıran, narahat edən məsələlər mənzil problemidir. Azərbaycanda artıq ipoteka kreditləşməsi tətbiq olunur. Hesab edirəm ki, gənclər bu işlərə daha da fəal cəlb edilməlidir. Müvafiq göstərişlər verilmişdir. Gənclər və İdman Nazirliyi təkliflər hazırlayır ki, biz gəncləri ipoteka layihəsi ilə əhatə edə bilək".
Dövlət başçısı görüşdə qəbul imtahanlarında ən yüksək bal toplamış gəncləri təbrik edib: "Prezident kimi sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz məktəbdə yaxşı oxumusunuz. Bunun nəticəsidir ki, siz bu gün ən yüksək bal toplaya bilmisiniz. Yəni, bu, onu göstərir ki, oxumaq istəyən, öz gələcəyi haqqında düşünən, istedadlı, bilikli gənclər təhsil sahəsində öz yolunu seçə bilərlər. Əminəm ki, siz ali məktəblərdə də yaxşı oxuyacaqsınız, əlaçı olacaqsınız. Çünki məktəb illərində göstərdiyiniz nəticələr bunu deməyə əsas verir. Nəticədə bir neçə ildən sonra artıq cəmiyyətdə peşəkar kadrlar kimi öz sözünüzü deyəcəksiniz".
Qaynar.info




